Türkiyədəki zəlzələdə əsl insanlıq dramı yaşanır. Hər gün təsirli hekayələr, fotolar ortaya çıxır, bir-birini əvəz edir. Ata ölən, amma hələ də dağıntılar altında olan qızının əlini saatlarla buraxmır.
Xilasediciləri görən azyaşlı uşaq əvvəlcə anasının xilasını istədiyini bildirir. Onlarla, yüzlərlə belə məqamlar yaşanır. Bizimyol.info xəbər verir ki, sosial mediada çox böyük zərər görən Kahramanmaraşdakı Azərbaycan bulvarında çəkilmiş bir video yayılıb. Burada bütün ailənin birlikdə dağıntılar altında qaldığı görünür. Telefonla video çəkən qadın ağlayır. Sanki ailənini xilas ola biləcəyinə ümidini itirib. Qadını ən çox bəzi şəxslərə borclu qalmaları narahat edir. O, həmin adamlardan halallıq almaq istəyir. Qadın sonradan videonu görəcək insanlardan ailənin borclarını ödəməyi xahiş edir.
Əvvəlcə kadrda yanaşı görünən iki oğlanın qadının oğulları olduğu təəssüratı yaranır. Qadın həyat yoldaşı Bilalın özünü necə hiss etməsindən narahat görünür. Sonra kadrda əri də gözə dəyir. Hiss olunur ki, qadının həyat yoldaşı yaralıdır. Qadın onu qan içində görüb göz yaşlarını saxlaya bilmir, daha çox hönkürür.
“Bir xeyli insanın mənim üzərimdə haqqı var. Haqqınızı halal edin. Mustafagilə 2500 lirə borcum var. Telefon əlinizə keçərsə, yardım eləyin, lütfən. Kimsənin haqqı üzərimdə qalmasın. Əhmədin uşaqlarının yardım pulu var məndə. Onu da ödəyərsiniz, çox xahiş edirəm”.
Qadının oğullarından biri deyir ki, onlar öləndən sonra telefonu mütləq tapan olacaq. O, insanların videonu görməsini istəyir.
Sosial mediada ailənin dəqiq ünvanı da yazılıb. Onlar Kahramanmaraşdakı Azərbaycan bulvarının Şazibəy məhəlləsində yaşayırmış. Rəy bölümündə bəzi şəxslər ailənin videonu paylaşandan sonra xilas edildiyini yazır. Amma ətraflı məlumat yoxdur. Rəy yazanların əksəri həssaslıq nümayiş etdirib. Hətta ailənin borclarını ödəmək istədiyini yazanlar da olub.
Aytən, Bizimyol.info






