Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tayvan məmurları bir aylıq maaşlarını Türkiyəyə yardım üçün bağışladılar
Tayvan məmurları bir aylıq maaşlarını Türkiyəyə yardım üçün bağışladılar

Kahramanmaraşda və 10 vilayətdə baş verən zəlzələdən sonra aparılan xilasetmə işlərinə dəstək məqsədilə Tayvan hökumət rəsmilərinin Türkiyəyə bir aylıq maaşlarını ianə edəcəyi bildirilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tayvanlı səlahiyyətlilər, Türkiyənin 1999-cu il zəlzələsində Tayvana axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olduğunu ifadə edərək, "İndi bu lütfün qarşılığını veririk" deyiblər.

Tayvan lideri Tsai İnq-ven, vitse-prezident Lai Çinq-te, baş nazir Çen Çien-jen və baş nazirin müavini Çeng Ven-tsan da bir aylıq maaşlarını təbii fəlakətin aradan qaldırılması üçün ianə edəcəklər. Qeyd edək ki, Tayvan hökuməti nağd şəkildə 2 milyon dollar, Tayvan xalqı isə hökumətin ianə hesablarına indiyə qədər 340.000 dollardan çox pul köçürüb.

Eyni zamanda Tayvan Türkiyəyə 130 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib. Adıyamanda 40 nəfərlik birinci komanda artıq işə başlayıb, 90 nəfərlik ikinci komandanın onlara qoşulması gözlənilir.

Tayvan lideri Tsai qeyd edib ki, Türkiyənin 20 il əvvəl etdiyi yaxşılığı geri qaytarırlar. “Türkiyə 1999-cu ildə baş verən zəlzələdə Tayvana axtarış-xilasetmə qrupu göndərən ilk ölkə idi. 20 il əvvəl Tayvanda zəlzələ olduğu zaman Türkiyə bizə ilk yardımı göstərdi. Əlini uzadan ölkə oldu. İndi bu lütfü geri qaytarırıq",- deyə Tsai bildirib.

Xilasetmə dəstəsində olan zabitlər Türkiyəyə 1999-cu ildə göstərdiyi köməyə görə təşəkkür edərək, bütün resursları və imkanları ilə kömək etməyə hazır olduqlarını vurğulayıblar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »