Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdən zərər görmüş şəxs: “Telefonumdan ölən 61 nəfərin adını sildim”
Zəlzələdən zərər görmüş şəxs: “Telefonumdan ölən 61 nəfərin adını sildim”

Kahramanmaraş Türkiyədəki zəlzələnin episentri sayılır. Buna görə də şəhər canlı itki sayına görə həmişə siyahının üst sıralarında yer alır. Kahramanmaraşın Pazarcık və Elbisan qəsəbələrində az qala salamat bina gözə dəymir. Evini itirmiş ailələr başqa şəhərlərə köçürülür.

Bizimyol.info xəbər verir ki, Kahramanmaraşın 600 sakini Antalyadakı otellərdə yerləşdirilib. Onların hamısı yaşayış yerini itirmiş şəxslərdir. Jurnalistlərlə söhbətləşən Serpil Subaşı bəxtlərinin çox gətirdiyini bildirir. Çünki onun ailəsi birinci mərtəbədə yaşayır:

“Birdən tavan çökdü. Tez özümüzü bayıra atdıq. Bir blok gözümün qabağında çökdü. Böyük bacım, əri, uşaqları dağıntılar altında qalıb. Amma heç bir xilasetmə tədbirləri həyata keçirilmir. Hətta cənazəmizi daşıyan yoxdur, parkda otluğun üzərinə qoyublar. Düzü, insanlar xeyli yardım göndərib. Yetərincə yemək vardı. Dörd yaşındakı nəvəm nə baş verdiyini anlamır. Deyir, “nənə, nə gözəl yerə gəlmişik”. Elə bilir ki, tətildəyik. Uşaq hələ başa düşmür ki, heç nəyimiz qalmayıb”.

Malatyadan gəlmiş Engin Kubilay böyük dəhşət yaşadıqlarını deyir. Onun sözlərinə görə, zəlzələ təxminən dəqiqə yarım sürüb: “Təsəvvür edin, evdə bütün əşyalar yer dəyişdirdi. Soyuducu gəlib yataq otağına düşmüşdü. Evdə hər kəs birtəhər özünü çölə ata bildi. Çıxdıq, amma bayırda 30-40 santimetr hündürlüyündə qar vardı. Dörd-beş saat gözlədik. Hamı, demək olar, yataq geyimində özünü çölə atmışdı. Hava işıqlanandan sonra bizə bir cəsarət gəldi. Dedik, içəri girib qalın paltarlar götürək. Girən kimi ikinci zəlzələ oldu. Gözümüzün qabağında çoxmərtəbəli binalar yerlə bir oldu. Bu dəqiqə Malatyada heç bir bina yaşanılası halda deyil. Sağ olsunlar, bizi yerləşdirdilər. Psixoloji vəziyyətimiz çox pisdir. Bilmirəm, burada neçə gün qonaq saxlayacaqlar. Telefonumdan ölən 61 nəfərin adını sildim. Dostlarımızın hamısını itirdik”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »