Xeyli ölkə Türkiyəyə yardım göstərməyə çalışır. Müxtəlif dövlətlərdən axtarış-xilasetmə qrupları gəlib. Buna görə də xilasetmə tədbirləri sürətlənib. Türkiyə mətbuatını oxuyanda məlum olur ki, Azərbaycandan göndərilmiş xilasedicilər qardaş ölkədə xüsusi fədakarlıq nümayiş etdirirlər. Onlar indiyə qədər 8-i uşaq olmaqla 37 nəfərin həyatını xilas ediblər. Daha 145 şəxsin cansız bədənini dağıntılar altından çıxarmaq mümkün olub.
Bizimyol.info xəbər verir ki, Türkiyəyə ən çox xilasedici Azərbaycandan göndərilib. Ümumilikdə qardaş ölkəyə 725 nəfərlik heyət yollanıb. Heyətdə 34 nəfərlik tibbi qrup da yer alıb.
Azərbaycandan sonra İsrail xüsusi fərqlənir. İndiyə qədər bu ölkədən Türkiyəyə 450 xilasedici yola düşüb. Yaxın saatlarda İsrail Müdafiə Qüvvələrinin 230 əməkdaşı da zəlzələ bölgəsinə çatacaq. Yüzlərlə ton yardım 15 karqo təyyarəsinə yüklənib. İsrail zamanla köməyin miqyasını xeyli böyüdüb.
Fransadan Türkiyəyə 204 xilasedici gəlib. Əvvəlcə 65 nəfərlik heyət özünü fəlakət zonasına çatdırmışdı. Bundan sonra daha 139 xilasedici Türkiyəyə gəlib. Hindistandan da təxminən bu qədər xilasedici zəlzələ bölgəsindədir (cəmi 201).
Yunanıstanın həssaslığı Türkiyə mediasında xüsusi fərqləndirilir. Qonşu ölkədən xilasedicilərin sayı elə də çox deyil. Buna baxmayaraq, axtarış-xilasetmə qruplarının üzvləri böyük fədakarlıq göstərirlər. Gün ərzində Türkiyəyə yeni heyətin gələcəyi gözlənilir. İndiyə qədər Yunanıstandan beş təyyarə yardım yola salınıb.
Siyahı çox uzundur. Məsələn, İsveçrədən 80 nəfərlik heyət gəlib. Əlcəzairdən gəlmiş 89 nəfərlik heyət Adıyamanda xilasetmə işləri ilə məşğuldur. Küveytin 46 nəfərlik xilasedici qrupu Hataya üz tutub. Yaponiyadan gəlmiş 55 nəfərlik heyətin çox faydalı olduğu bildirilir.
Bütün ölkələrin adını yazmaq mümkün deyil. Türkiyəyə Azərbaycandan, İsraildən, Fransadan və Hindistandan başqa, azı 100 nəfərlik axtarış-xilasetmə qrupu göndərən dövlətlər bunlardır: ABŞ (159), Macarıstan (156), İraq (150), Rusiya (150), Meksika (145), Cənubi Koreya (118), Avstriya (105), Bosniya və Herseqovina (104), Salvador (100), Gürcüstan (100).
Aytən, Bizimyol.info






