Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xilas edilən uşaq: “Sabah dərsim var...”
Xilas edilən uşaq: “Sabah dərsim var...”

Türkiyədə zəlzələdən 80 saatdan çox keçir, amma hələ də dağıntılar altından sağ çıxarılanlar var. Uşaqların xilas edilməsi xüsusi sevinc doğurur. Körpələrin günlərlə həyatda qalması möcüzə təsiri bağışlayır.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dağıntılar altından çıxarılanların həssaslığına kövrəlməmək mümkün deyil. Uşaqlardan biri onu gün işığına çıxaranlardan anasının xilas edilməsini istəməsi, azyaşlı qızın özündən çox, körpə qardaşı haqda düşünməsi olduqca təsirlidir.

Zəlzələdən 71 saat sonra xilas edilən Ahmet Erenin sözləri ətrafdakıların təbəssümünə səbəb olub. Məktəbli dağıntılar altından çıxan kimi məktəblə bağlı narahatlığını ifadə edib: “Sabah dərsim var...”

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu uşağın sözlərindən çox təsirləndiyini dilə gətirib. Nazir “bu ölkənin sabahları, ümidləri sənsən” ifadəsini işlədib.

Sosial mediada yayılan videoda tibbi heyətin Ahmet Erenin qayğısına qalması görünür. Onu təcili tibbi yardım maşınına qoyanda uşaq buna etiraz edir. Ahmet sabah məktəbə getməli olduğunu bildirir.

Başqa bir videoda xilas edilmiş 15 yaşlı oğlan üstündən çox pis qoxu gəldiyini bildirir. Yeniyetmə buna görə xilasedicilərdən üzr istəyir.

Türkiyə mətbuatına diqqət yetirərkən Azərbaycandan gedən heyətin fədakarlığının xüsusi qeyd olunmasını görmək mümkündür. Türkiyəli jurnalistlər yazır ki, azərbaycanlılar daha çox insanın xilas olunması üçün əsl qəhrəmanlıq nümunəsi göstərirlər. Azərbaycandan gedən heyət indiyə qədər 37 nəfəri xilas edə bilib. Bunlardan 8-i uşaqdır. Azərbaycanlıların yetişə bildiyi şəxslərin 145-nin yalnız cansız bədənini çıxarmaq mümkün olub.

Ümumiyyətlə, xilas edilənlərin sayı sürətlə artır. İnsanların 70 saatdan çox dağıntılar altında həyatda qala bilməsi möcüzəsi yaşanır. Xilasediclər Kahramanmaraşın Pazarcık və Elbistan qəsəbələrində işi xeyli sürətləndirib. Son dəqiqələrdə Adıyamanda iki bacının eyni vaxtda xilas edilməsi məlum olub. Bundan əvvəl iki qardaş da xilas edilmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »