Türkiyədə baş verən zəlzələlərdən sonra dağıntılar altında qalanların çıxarılması üçün vaxtın daralması ilə bağlı narahatlıq var. Dünyanın müxtəlif yerlərindən olan xilasedicilər sağ qalanları dağıntılar altından çıxarmağa çalışır. Adətən deyirlər ki, 48 saatdan sonra vəziyyət daha da gərginləşir, dağıntılar altında qalanların sağ qalma ehtimalı azalır.
- Zəlzələdən sağ çıxanlar dağıntılar altında nə qədər sağ qala bilər?
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu bir neçə amilə bağlıdır. Qəza zamanı yer, hava və suya çıxış imkanları, iqlim, hava şəraiti, dağıntı altında olan şəxsin fiziki və psixoloji vəziyyəti kimi amillər onların nə qədər sağ qala biləcəyinə təsir göstərir. İnsanların əksəriyyəti fəlakətdən sonra 24 saat ərzində xilas edilir, lakin bəzən 48 və daha çox müddət ərzində də xilas edilənlər olur.
Mütəxəssislərin fikrincə, zəlzələ zamanı daldalanmaq üçün düzgün seçilmiş yer sağ qalmaq üçün böyük əhəmiyyət daşıyır.
Fövqaladə Hallar üzrə mütəxəssis Murat Öngörenin fikrincə, möhkəm bir masa kimi təhlükəsiz yerdə sığınacağa sahib olmaq sağ qalma şansını artıra bilər.
“Uçmuş binanın altında qalanda sağ qalmaq üçün hava və suya çıxış vacibdir. Ancaq bu, həm də zədənin səviyyəsindən asılıdır. Qanamanın olması, sağ qalma şansınızı 24 saatdan çox uzatmağı çətinləşdirir”-deyən Öngören bildirib ki, zəlzələdən zərərçəkən dağıntılar altında çox ciddi xəsarət almayıbsa və nəfəs almaq üçün hava varsa, növbəti addım suya çıxışdır.
ABŞ-ın Duke Universitetinin professoru Riçard Edvard Munun sözlərinə görə, “su və oksigen çatışmazlığı yaşamaq üçün kritik problemlərdir. O, qeyd edib ki, hər bir yetkin insan gündə sidik, tənəffüs, su buxarı və tərlə 1,2 litr su itirir. İnsan 8 litrdən çox su itirəndə ağır xəstələnir. Bəzi hesablamalara görə, insanlar su olmadan üç-yeddi gün yaşaya bilər.
“Bir insanın kəllə-beyin travması və ya digər ciddi zədəsi varsa və ya tənəffüsü məhduddursa, fəlakətdən bir gün sonra sağ qalma şansı çox azdır. Zədənin səviyyəsini qiymətləndirə bilmək vacibdir. Onurğa beynində, başından və ya döş qəfəsindən zədə alanlar kəskin travma müalicə müəssisələrinə aparılmayana qədər sağ qala bilməzlər. Qan itkisi, orqanlarda sınıq və cırıqlar ölüm ehtimalını artırır”-deyə həkim bildirib.
Türkiyədə hazırda olan hava şəraiti vəziyyəti daha da pisləşdirir. Mütəxəssislərin fikrincə, yetkin insan bədən istiliyini saxlamaq qabiliyyətini itirmədən maksimum 21 dərəcə C-yə dözə bilir. Bu temperaturdan aşağı bədən temperaturu ətraf mühitin temperaturunu izləyir. Yəni donma baş verə bilir.
Dağıntılar altında 24 saatdan çox sağ qala bilmək üçün psixoloji vəziyyət də önəlidir. Yəni qorxu bizim reaksiyamız olsa da, amma panikaya düşməməliyik. Yaşamaq üçün psixoloji cəhətdən güclü olmalıyıq. Qorxu hissindən qurtulmağa və özünü idarə etməyə çalışmaq vacibdir. Motivasiyanız "indi mən buradayam və yaşamaq üçün bir yol tapmalıyam" olmalıdır. Belə olan halda daha az qışqırırsan və daha az hərəkət edirsən. Hisslərinizi idarə edərək enerjinizi qənaətlə istifadə etməlisiniz.
İlahin, Bizimyol.info






