Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 aylıq fövqəladə hal Türkiyədə çevik qərarlara imkan verəcək
3 aylıq fövqəladə hal Türkiyədə çevik qərarlara imkan verəcək

Zəlzələ bölgəsində üç aylıq fövqəladə vəziyyət elan edilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın zəlzələdən sonra 10 vilayətdə fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Qərar çərşənbə günü gecə saat 01:00-dan başlayaraq üç ay müddətində qüvvədə olacaq.

Fövqəladə vəziyyətin elan edilməsi nə deməkdir?

Təbii fəlakət, epidemiya və iqtisadi böhranla əlaqədar elan edilmiş fövqəladə vəziyyətlə bağlı Prezidentin sərəncam səlahiyyətləri daha da genişləndiriləcək.

Məsələn, qanunla tənzimlənən məsələrlə bağlı prezident fərman verə bilməz.

Amma fövqəladə vəziyyət dövründə konstitusiyanın 91-ci maddəsinə əsasən məhdudiyyətlərdən asılı olmayaraq fərman verə biləcək.

Fəlakət bölgəsində dəymiş ziyanı kompensasiya etmək üçün hər cür maliyyə dəstəyi məcburi ola bilər.

Xərclər ilk növbədə dövlət resurslarıdır, lakin təcili və həyati ehtiyaclar məqsədilə kifayət qədər vəsait dövlət resurslarından vaxtında əldə edilə bilmədikdə, regiondakı kredit təşkilatlarının imkanlarından yararlanılacaq, bununla yanaşı özəl sektordan dəstək alınacaqdır.

Ərzaq, geyim, avadanlıq, dərman və tibbi ləvazimat kimi zəruri əşyalar bölgə hüdudlarında təmin oluna bilmədikdə, məcburi qaydada ən yaxın rayonlardan əldə edilə bilər.

Bəzi yaşayış məntəqələri boşaldıla bilər. Təhsillə bağlı da sürətli qərarlar qəbul edilə bilər. Yaşayış məntəqələrində avadanlıqların istifadəsi və müsadirə edilməsi də hökumətə verilən səlahiyyətlər sırasındadır.

Fövqəladə vəziyyətin səlahiyyətləri arasında quru, dəniz və hava hərəkəti qaydası ilə bağlı tədbirlər görmək, nəqliyyat vasitələrinin bölgəyə giriş-çıxışını qeydə almaq və ya qadağan etmək daxildir. Hər cür nümayiş yürüşləri və toplantılar da təxirə salına bilər.

Qəbul edilən digər qərar isə fəlakət bölgəsinin elan edilməsidir. Bu qərarla orada yaşayanlara səhiyyə xidmətləri tamamilə pulsuz təmin ediləcək.

Bölgədəki ordu hissələrinə də  vəzifələr verilə bilər.

Maliyyə itkiləri üçün dövlət dəstəyinin verilməsi də mümkündür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »