Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya neftindən imtina edir
Türkiyə Rusiya neftindən imtina edir

Rusiya nefti sürətlə dəyər itirir. Avropa İttifaqının embarqo qərarı istər-istəməz özünü göstərir. Ayrı-ayrı ölkələr “Urals”a yaxın durmaq istəmir. Türkiyə də Rusiya neftindən imtina etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Avropa İttifaqı embarqo tətbiq edəndən sonra Ankara Moskvadan neft idxalını kəskin şəkildə azaldıb. G7 ölkələri daşıdığı məhsulun barel qiyməti 60 dollardan baha olan tankerlərin sığortalanması ilə bağlı qadağa tətbiq edərək “qiymət tavanı” müəyyənləşdirib. Nəticədə Rusiya neftindən imtina coğrafiyası xeyli genişlənib.

Dekabrda Türkiyə ümumi həcmi 1.7 milyon barel olan “Urals” markalı neftlə dolu cəmi iki yük qəbul edib. “EnergyIntel” neft treyderləri və “Kpler” tanker trafiki bununla bağlı dəqiq statistika ortaya qoyur.

Gündəlik tədarük sutkada 55 min barelə qədər azaldılıb. Bu isə əvvəlki altı ayın səviyyəsindən 86 faiz aşağıdır: iyun-noyabr aylarında Türkiyə gündə orta hesabla 399 min barel neft alıb.

Müharibə başlayandan bəri Türkiyə Avropadakı müştərilərin imtina etdiyi məhsulu bazardan alaraq Rusiya neftinin idxalını dörd dəfədən çox artırıb. Lakin dekabr tədarükləri fevraldan bəri ən aşağı olub. Hətta 2021-ci ilin ikinci yarısının səviyyəsindən də aşağı göstərici diqqət çəkir.

Ölkənin ən böyük neft emalı zavodu STAR Rusiya xammalından tamamilə imtina edib. SOCAR qrupuna məxsus olduğu bildirilən və Türkiyədə neft emalının 25 faizini təmin edən NEZ noyabrda Rusiyadan alışı iki dəfə azaldıb. Ayda 700 min tondan 300 min tona qədər azalma müşahidə edilir. İkinci dərəcəli sanksiyalar təhlükəsi isə dekabrda tədarükün tamamilə dayandırılmasına səbəb olub.

“EnergyIntel” mənbələri bildirirlər ki, Türkiyədə tələbin çökməsi müvəqqəti ola bilər: neft emalı zavodları sanksiyaların məhdudlaşdırılması mexanizmini nisbətən aydınlaşdırandan sonra bir barel üçün 30 dollara qədər endirimlər “Urals”a olan marağı canlandıracaq.

Bununla belə, tanker çatışmazlığı ayrıca problem olaraq qalır. Türkiyə Rusiya neftinin əsas həcmini yaxınlıqdakı Novorossiyskdən yox, dekabrda 55 yükün daşınması planlaşdırılan Baltik dənizi limanlarından alır. Bunlardan 3-ü ləğv edilib, 6-sı isə tanker yoxluğundan həyata keçirilə bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »