G-20 Sammiti üçün İndoneziyanın Bali adasına səfər edən Türkiyə Prezidenti Ərdoğan, dünən ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə ikitərəfli əlaqələrdən NATO-nun gələcəyinə qədər bir çox mövzu, hətta Ankaranın bir müddətdir Vaşinqtondan tələb etdiyi "F-16" döyüş təyyarələri və modernləşdirmə dəstləri də gündəmdə olub.
Bizimyol.info xəbər verir ki, dünən keçirilən görüşdən sonra Türkiyə rəsmiləri tərəfindən verilən açıqlamada, "Bayden, "F-16" döyüş təyyarələrinin alınması prosesində Ərdoğana dəstəyi davam etdirəcəyini söylədi”,- deyə bildirib.
Bu açıqlamadan saatlar sonra isə Vaşinqtondakı yunan lobbisi hərəkətə keçib. Yunan əsilli ABŞ siyasətçisi Kris Pappasın başçılıq etdiyi bir qrup Amerika siması Türkiyəyə "F-16"-ların satışının qarşısını almaq üçün çox sərt məktub yazıb.
Pappas ilə yanaşı, 20-dən çox ABŞ nümayəndəsi Konqresə çağırış edərək, 2023-cü maliyyə ili Milli Müdafiə İcazə Aktının (NDA) son variantında Türkiyəyə F-16-ların və modernləşdirmə dəstlərinin satışının qarşısını alan bəndin saxlanmasını tələb edib.
Məktubda “Türkiyənin mövcud F-16 donanması, Yunanıstanın suverenliyini, hava məkanını pozdu və NATO ittifaq birliyinə məhəl qoymadı. Bu, ABŞ-ın “düşmənlərə sanksiyalar yoluyla cavab verməsi aktı”nı (CAATSA) pozmaqla yanaşı, ABŞ-ın "F-16" satışına şübhə ilə yanaşmasına səbəb olub”, - deyə bildirilir.
Bundan əlavə, məktubda “Türkiyənin NATO-ya üzvlüyü Ərdoğan hökumətinin davranışı üçün sipər təşkil etməməlidir. Yunanıstan həqiqətən etibarlı və demokratik NATO müttəfiqidir”, - sözləri yer alıb.
Qeyd edək ki, keçmişdə Bayden administrasiyasına və Konqres üzvlərinə oxşar tonda məktublar göndərilib. ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəni F-35 proqramından çıxarmış və Türkiyə ABŞ -dan 40 ədəd "Lockheed Martin" istehsalı "F-16" döyüş təyyarəsi, eləcə də 80-ə yaxın modernizasiya dəsti tələb etmişdi.
Leyla Mirzə, Bizimyol.info






