Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğu ilə keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə UiPath Avropa üzrə vitse-prezidenti Tansu Yeğen "Növbəti onilliyə texnologiyanın təsiri" adlı mövzuda fərdi çıxış edib.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “ulduz yağmuru” yaşadıb. Tədbirin ilk günündə keçirilən sessiyada UiPath Avropa üzrə vitse-prezidenti Tansu Yeğenin "Növbəti onilliyə texnologiyanın təsiri" adlı fərdi çıxışını təqdim edirik:
"Önümüzdəki 10 il ərzində texnoloji yenilik olaraq robotlar daha çox qarşımıza çıxacaq. Müxtəlif elanlarla Honda ASIMO, Hyundai Atlas, Tesla bot kimi robotlar tanıdıldı və həyatımızı asanlaşdırmaq üzrə proqramlandığı qeyd olundu. Xüsusilə, fiziki işlər başda olmaqla istehsal sahələrində insana dəstək göstərmək üçün hazırlanan robotların insan vaxtının səmərəli istifadəsinə fayda verəcəyi deyilir.
Təxminən 30-40 il sonra insanın rəqəmsal əkizi kimi adlandıra biləcəyimiz bir robot deyil, bizi birbaşa kopyalayan robotdan danışacağıq. Bu robot bizim bütün fiziki xüsusiyyətlərimizi daşıyacağı üçün ona dərman verdikdə, dərmanın istifadəsinin sağlamlığa hansı təsir göstərəcəyini bildirərək bizi istiqamətləndirəcək. Bu da səhiyyə sahəsində süni intellektin necə yer tutacağını göz önünə sərməkdədir.
Tesla robotlar haqqında insanların gözləntiləri olduqca böyük idi. 30 sentyabrda paylaşılan görüntülər gözləntiləri qarşılamadı deyə bilərik. Sosial şəbəkələrdə böyük həcmdə mənfi reaksiyalar alan bu robotların diqqətdən kənarda qalan xüsusiyyəti, Boston Dynamics robotları ilə müqayisədə süni intellekt vasitəsilə hərəkət etdikcə özünün enerjisini təmin etməsi idi. Bu xüsusiyyət ilə Tesla robotları saatlarla, hətta günlərlə işləyə bilər.
Sənaye inqilablarından uzun bəhs etmədən buxar, elektrik, informatika və süni intellekt adlandırılan 4 inqilabın olduğunu xatırlayarsınız. Bu inqilabların hər biri bizi sürətli inkişafa cəlb etdi. Artıq 5-ci sənaye inqilabının robotlarla insanların birgə çalışacağı inqilab olaraq görüləcək. Fiziki görünüşə sahib robotlarla yanaşı, alqoritmlər də bu inqilabın bir parçası olacaq.
Süni intellekt, insana aid xüsusiyyətləri daşıyan və insanı təqlid edən bir texnologiya mənasına gəlir. Bu texnologiya bütün sektorları dəyişdirəcək. 70 min il öncə bizi digər canlılardan ayıran xüsusiyyətimizi, yəni danışmağı kəşf etdik və birgə fəaliyyət göstərmə bacarığı qazandıq. Bu bacarıqla da gerçəkləşdirdiyimiz yenilik və ixtiraların vasitəsilə digər canlılardan önə keçməyi bacardıq. İndidən 120 il öncəsi qayıtdıqda isə, 3 böyük texnoloji hadisəni diqqətə ala bilərik: Elektrik, benzin mühərrikləri və elektromaqnit dalğaları. Biz bunların sayəsində telekommunikasiya sahəsi, nəqliyyat vasitələri və bugün ətrafımızda gördüyümüz birçox texnoloji vasitə ilə tanış olduq.
Artıq süni intellektin mərkəzdə olmaqla birbaşa bağlantısı olan və ya olmayan 4 texnologiyadan xüsusi bəhs edə bilərik. İlk olaraq enerji sektoruna baxsaq, xüsusilə külək və günəş enerjisi son 15-20 il ərzində enerji xərclərini 85 faizə qədər azaltmağı bacardı və bu daha da azalmağa davam edəcək. Məsələn, Çində fəaliyyət göstərən bir şirkət nəqliyyat vasitələrinin kapotunu tamamilə batareyaya çevirir. Bu şirkət hazırda Tesla-nın vasitələrindəki batareyanı istehsal edir və bəlkə də növbəti mərhələdə nəqliyyat vasitələrinin şassisini istehsal edəcək.
Avtomatlaşdırma, istənilən sahədə sürət və süni intellekt təmin edir. Digər mövzu olan həyat elmi ilə insan genlərinə müdaxilə olunacaq və hətta insanı gəncləşdirəcək bir gələcəyə doğru gedirik. Hazırda Uzaq Şərqdə yayılan xəbərlərə görə, dünyaya gəlməmiş bir uşağın cinsiyyətinin, zəka səviyyəsinin və fiziki görüntüsünün müəyyənləşdirilməsi üzrə texnoloji yeniliklərin olduğu deyilir. Beyinə çip yerləşdirilməsi ilə istədiyimiz yeni məlumatları o çipə yükləmək imkanımız olacaq. Fransızca öyrənmək istəyirəmsə, artıq onu telefondakı tətbiq ilə köçürə biləcəyik. Bütün bu mövzular çərçivəsində insanlar, ölkələr iki tərəfə ayrılır: Bundan istifadə etmə imkanı olanlar və olmayanlar deyə.
Kuantum kompüterlər hələ də tam anlaşılmır. Çin, Amerika və indilərdə də Səudiyyə Ərəbistanı buna çox önəm verməkdədir. Bunun səbəbi də çox aydındır. Süni intellekt 2010-cu ilə kimi 1,5 qat sürətlə inkişaf göstərsə də, 2010-cu ildən bəri hər il 7 qat sürət göstərir və bu da süni intellektin çətiri altında yeni texnologiyaların yarandığını göstərir. Eşitdiklərini, oxuduqlarını, gördüklərini qavrayır və özü məqalə yazır, vizual hazırlaya bilir, video istehsal edir. Kuantum kompüterlər süni intellektin gələcəyini müəyyənləşdirir. Əgər ölkə olaraq süni intellektə sərmayə qoymaq istəyirsinizsə, kuantum kompüterlərə də diqqət ayırmağınız burada vacib nüansdır.
Instagram-ın və Whatsapp-ın milyard dollarlıq ödənişlərlə satın alınmasında əsas məqsəd məlumatların toplanmasıdır. Bizim haqqımızdakı bu məlumatların harada toplandığından xəbərimiz yoxdur, bunu sorğulamırıq və sabah hansı formada, harada istifadə olunacağını da bilmirik. Bu məlumatlar nəzarət altında olmasa, biz manipulyasiya edilə bilən kütlələr halına gələcəyik. Təhsilimiz, karyeramız, siyasi tərəfkeşliyimiz, seçəcəyimiz həyat yoldaşı və s. bütün seçimlərimiz süni intellekt təsiri altına düşə bilər. Bunu nəzarətə alınması dövlətlər və şirkətlər tərəfindən mövcud qanunvericiliyə düzəlişlər və əlavələr edərək, eyni zamanda bu məlumatların harada qorunduğu ilə bağlı şəffaf informasiya paylaşılması ilə təhlükəsiz və doğru addım atıla bilər.
Süni intellekin həcmi ilə bağlı aparılan ən genişmiqyaslı araşdırma, PWC tərəfindən hazırlanan "Süni intellektin 2030-cu ildə dünya iqtisadiyyatına təsiri" adlı araşdırmadır və bu araşdırmaya əsasən 15,7 trilyon töhfə veriləcəyi qeyd olunur. Səmərəlilik və istehlaka da ciddi təsir göstərən süni intellektə nümunə verək: Yolda gedirsiniz və telefonunuza bildiriş gəlir. Telefonunuzun ekranına baxdıqda bildirişdə başınızı yuxarı qaldırıb çöldəki ekrana baxmağınız qeyd olunur. Və siz o ekrana baxdıqda idman ayaqqabısı reklamı. Bunun anlamını başa düşmədikdə ikinci bildirişlə vəziyyət biraz daha aydın olur. İkinci bildirişdə "Atama ad günümdən 3 gün əvvəl xatırlat" adlı sayta övladınız tərəfindən əlavə edilmisiniz. Sizə gələn mesajın səbəbini anlayırsınız ki, həmin sayt vasitəsilə brend sizə bir bildirişlə öz məhsulunu satır. Buna birçox nümunə vermək olar.
Süni intellekt sahəsində ən çox çalışan Çin, Amerika, Şimali Avropa, Asya və Cənubi Avropa ölkələridir. Çin və Amerika xüsusilə proqram təminatına və kuantum kompüterlərə daha çox yatırım etməkdədir və gələcəkdə bu sahədən gələcək gəlirlərin böyük hissəsini ələ keçirmək uğrunda ciddi fəaliyyət göstərirlər".
- Gələcəkdə robotlar və süni intellekt işimizi əlimizdən alacaqmı?
- Gələcəkdə süni intellektin birçox sahədə fəaliyyət göstərəcəyini təxmin edirəm və birçox işi insanlardan daha yaxşı edən süni intellektin yuxuya ehtiyac duymaması da onun üstünlüyü olacaq. Bəzi insanlar 2030-cu ilə qədər insanların çalışdığı sahələrin 50 faizini süni intellektin ələ keçirəcəyinə inanır və pul qazanmaq üçün yeni yollar kəşf etməli olacağını, əks halda işsiz qalacağını düşünür -
Bu fikirlər mənə aid olmasa da, mən də təxminən belə düşünürəm. Bu fikirlər internetdə istifadə etdiyim süni intellektə aiddir. Təxminən bir köşə yazısı, məqalə olaraq təqdim olunan uzun yazıdan sadəcə kiçik bir hissəni sizinlə bölüşdüm".
Süni intellekt sahəsində təqdim olunan Dall-e, Meta, iş görüşməsi simulyasiyası, "deepfake" işləri haqqında da məlumat verən Tansu Yeğen, gerçəyi müəyyənləşdirməyin də çətin olacağını qeyd edib. Robotların da həyatımıza daxil olmasının və ondan necə istifadə edəcəyimizi müxtəlif nümunələrlə izah edən şirkət rəhbəri, onların uzaq məsafədən də idarə edilə biləcəyini bildirib. Birjada sərmayə yatıran, şahmatda qalib gələn, çatbotda ünsiyyət quran, sürücüsüz maşınlarda yoldaşımız olan süni intellekt işlərinin insan həyatını asanlaşdırmaq üçün inkişaf etdirildiyini deyən Tansu Yeğen, insanların vaxtını səmərəli keçirməyə yönləndirdiyini əlavə edib.
Son olaraq, UiPath şirkətinin tanıtım videosunu təqdim edən Tansu Yeğen, Dünya İqtisadi Forumunda qeyd olunan fikirləri səsləndirib və robotlarla insanların iş bölgüsündə əsas nüansın qayğı amili olacağını bildirərək, müxtəlif təlimlərlə özünüinkişaf istiqamətində çalışmağın önəmini vurğulayıb.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






