Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğunda baş tutan"Global Marketing Summit 2022" tədbirinin ilk günündə "Dəyər yaradan liderlər təcrübələrini paylaşır" adlı sessiya keçirilib. Bu sessiyada August Leadership Partner və Bakkavor Group plc idarə heyətinin sədri Ümran Beba və Pladis şirkətinin baş direktoru Salman Amin mövzu haqqında ətraflı müzakirə aparıb.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “ulduz yağmuru” yaşadıb. Tədbirin ilk günündə keçirilən "Dəyər yaradan liderlər təcrübələrini paylaşır" sessiyasında aparılan qarşılıqlı müzakirəni sizə təqdim edirik:
August Leadership Partner və Bakkavor Group plc idarə heyətinin sədri Ümran Beba, sessiya açılışında qonağını salamlayıb və müəllifi olduğu "Dəyər yaradan liderlər" kitabına dəstək verdiyi üçün Pladis şirkətinin baş direktoru Salman Ami̇nə təşəkkür edib.
Sessiyanın moderatoru Ümran Beba, müasir istehlakçıların daha şüurlu olduğunu və şirkətlərin də öz gələcək strategiyalarını bunu nəzərə alaraq dəyişdiyini qeyd edib. Pladis şirkətinin baş direktoru Salman Amin, moderatorun fikrinə qatıldığını bildirib və müasir istehlakçıların xarakteristikasının tanınmasının vacibliyini vurğulayıb.
"Dünya çox sürətlə dəyişir. Uğur qazanmaq və brendin davamlılığını təmin etmək üçün trendlərlə ayaqlaşmaq çox vacibdir. Unutmamalıyıq ki, fəaliyyət göstərdiyimiz hər ölkədə fərqli istehlakçılar var. Mənim mentorum və sabiq idarəçilərimdən birinin bu mövzuda belə bir şərhi var: "İstehlakçıların fərqlilik göstərdiyi 3 fərqli ünsür var: Dil, musiqi və qidalanma vərdişləri. Bunlar hər mədəniyyətdə fərqli şəkildə özünü göstərir". Bu nüansları nəzərə aldıqda, istehlakçı davranışlarını anlayırıq və onların ehtiyaclarını müəyyənləşdirə bilirik" - deyən Salman Amin, insanların brendlə ünsiyyət qurması və istehlakçı sadiqliyi mövzusunda da öz fikirlərini bölüşüb. Yüzillərdir öz varlığını davam etdirən brendlərin uzunömürlülük sirrinin istehlakçılara verdikləri vədləri qarşılamaları olduğunu qeyd edən şirkət rəhbəri, bu fəaliyyətin davamlılığının təmin olunmasının vacib olduğunu bildirib.
"Təsəvvür edin ki, istehlakçılar hər gün bir səsvermədə iştirak edir. Mağazada qarşısına çoxsaylı brend çıxan müştərinin inamını qazanmaq, onun ehtiyaclarını qarşılamaq, onu təmin etmək lazımdır. Onun təkrar sizi seçməsi üçün bunları edərkən, onların ehtiyaclarının dəyişə biləcəyini də unutmamalısınız. Hətta fəaliyyət göstərdiyiniz ölkənin iqtisadi vəziyyətini, inflyasiyanı da nəzərə almaq işinizə müsbət təsir edəcək" - deyə Salman Amin əlavə edib.
August Leadership Partner və Bakkavor Group plc idarə heyətinin sədri Ümran Beba, sessiyanın bağlanışında qonağından gələcəyin gənc liderlərinə tövsiyyələrini bölüşməsini istəyib. Gənclərin, gənc liderlərin uğur qazanmasında əsas amilin maraqlanmaq, sorğulamaq olduğunu və "Niyə?" sualının bu uğura aparacağını qeyd edən Amin, aktiv dinləmə bacarığını inkişaf etdirməyin və empatiya qurmağın önəmini vurğulayıb.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






