Ötən gün Bartında Türkiyə Taşkömür Təşkilatına (TTK) Amasra Müəssisə Müdirliyinə bağlı mədəndə baş verən partlayışda 40 nəfərin öldüyü bildirilir.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Daxili işlər naziri Süleyman Soylu Bartında açıqlama verib. O, bildirib ki, Türkiyənin bir çox yerindən bütün qurumlar və Enerji Nazirliyi bu işdə səlahiyyətli bütün qurumlar səfərbər olub.
“Qəhrəman mədənçilərimiz böyük fədakarlıq etdilər, onların hamısına minnətdarıq. 40 şəhidimizi buradan çıxarıb xəstəxanalara çatdırdıq. Yaralılarımızdan 11-i xəstəxanada, 6-sı İstanbulda, 3-ü Bartın əyalətində, 2-si isə özəl xəstəxanalardadır. Biri evə buraxılıb. 110 şaxtaçımızdan 58-i, öz imkanları ilə xilas edilib. Mədənçilərimizdən biri ilə bağlı qeyri-müəyyənliyimiz var. Axtarış-xilasetmə işlərimiz davam edir. 40 şaxtaçının da şəxsiyyəti müəyyən edilib” - deyə nazir qeyd edib.
Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz isə bildirib ki, mədəndə axtarış-xilasetmə işləri xüsusi təcrübə və təcrübə tələb edən bir işdir. Bu, digər normal axtarışlardan xeyli fərqlidir.
“Hazırda qruplarımız yanğının və oradakı dəm qazının təsirini azaltmağa çalışır. O araşdırmalar davam edir. Axtarış işində iştirak edən dostlarımızın da bu işləri təhlükəsiz şəkildə həyata keçirməsi lazımdır. O baxımdan biz bir az daha səbirlə gözləmək lazımdır” - deyə nazir əlavə edib.
Hazırda ərazidə araşdırmalar davam edir. Bəzi siyasilər, nazirlər aktivistlər hadisə ilə bağlı öz başsağlıqlarını bildirirlər. TBMM sədri Mustafa Şentop sosial media hesabında Amasrada mədən ocağında baş verən partlayış xəbərini böyük kədərlə öyrəndiklərini bildirib.
“Dövlətimiz çalışan qardaşlarımızı xilas etmək üçün bütün qurum və vasitələri ilə çalışır. Allah-təala ölkəmizi və millətimizi qorusun" - deyə TBMM sədri qeyd edib.
Hazırda Bartın Respublika Baş Prokurorluğunda Bartının Amasra rayonundakı daş kömür mədənində baş verən partlayışla bağlı istintaq başladılıb. Bildirilib ki, hadisə ilə bağlı işə 3 dövlət ittihamçısı cəlb edilib, istintaq bütün aspektləri ilə və diqqətlə davam etdirilir.
Bartında mədəndə baş verən partlayışla bağlı Selçuk Bayrakdar da baş sağlığı verib: "Bartında həyatını itirən mədənçilərimizə Allahdan rəhmət, yaralanan mədənçilərimizə isə şəfalar diləyirəm. Rəbbim çarəsiz qalmış bacı-qardaşlarımızın ailələrinə şad xəbərlər almağı nəsib etsin".
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov da hadisə ilə bağlı baş sağlığı verib: “Qardaş Türkiyənin Bartın şəhərində baş verən faciədə yaralananlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Xəsarət alanların tez sağalmasını, mədəndə dağıntılar altında qalan insanların xilas olmasını diləyirik”.
Türkiyə dövlət rəsmisi Mövlud Çavuşoğlu Ceyhun Bayramova öz təşəkkürünü bildirib. O, qeyd edib: “Ceyhun qardaş, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi əvəzsizdir”.
İradə Cəlil, Bizimyol.info






