Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8-ci Beynəlxalq Kitab Sərgisi: "Uşaq ədəbiyyatı daha çox satılır"
8-ci Beynəlxalq Kitab Sərgisi: "Uşaq ədəbiyyatı daha çox satılır"

8-ci Beynəlxalq Kitab Sərgisi bu dəfə Bakı Ekspo Mərkəzində baş tutub. Əvvəllər Bakı İdman Sarayında keçirilən kitab sərgisi bu il artıq daha böyük bir məkana daşınıb. Yerli yayım evləri ilə yanaşı, müxtəlif ölkələrdən gəlmiş təmsilçilər öz ölkələrinin yerli tarixi, ədəbi və incəsənət mədəniyyətlərini də bu sərgidə nümayiş etdirirlər.

Xüsusilə qardaş Türkiyənin Bursa şəhərindən gəlmiş qonaqlar burada Bursa bələdiyyəsinin təşkilatçılığı ilə adıçəkilən şəhərin tarixi-ədəbi mədəniyyətini nümayiş etdirirlər. Eyni zamanda İran, Misir və türkdilli ölkələrin nümayəndələri də bu sərgidə iştirak edir, öz mədəni dəyərlərini, ədiblərini ziyarətçilərlə tanış edirlər.

Sərgi oktyabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində fəaliyyətini davam etdirəcək. 70%-dək endirimlərin olduğu kitab sərgisində uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat dərsliklərinə maraq və tələbat daha çoxdur. Bu barədə sərgini ziyarət edən valideynlər bildirirlər. Onların dediyinə görə, 5-ci sinfə qədər olan uşaq ədəbiyyatları övladlarının həyatında əvəzedilməz rol oynayır:

“Burdakı kitabların çoxu əslində böyüklərə məxsus olsa da, diqqəti daha çox uşaq ədəbiyyatı çəkir. Elə ən çox alınan kitablar da bu növ kitablardır. Həm də onu da deyim ki, indiki vaxtda uşaqlar üçün nəzərdə tutulmuş kitablar bizim oxuduğumuz bəzi bədii kitablardan qat-qat artıq yaxşı təsir bağışlayır, insana zövq verir. Ola bilsin, bu, sadəcə olaraq içimizdə hələ də yaşayan uşaqlığımızın varlığından xəbər verir, bilmirəm. Amma bu həqiqətdir ki, uşaq ədəbiyyatını övladımla birlikdə elə özüm də izləyirəm, oxuyuram və olduqca yaxşı zövq alıram” – deyə, sərgini ziyarət edən valideyn bildirib. Elə nəşriyyat evləri də valideynlərin bu fikrini təsdiqləyir. Onların dediyinə görə uşaq ədəbiyyatı daha çox satılır.

Yerli yazıçılarla yanaşı müxtəlif ölkələrin yazıçılarına məxsus kitabların da nəşr edildiyi bir çox yayım evlərində ən ciddi problemin bahalı kağızlar olduğu bu nəşriyyatların əməkdaşları tərəfindən səsləndirilir.

8-ci Beynəlxalq Kitab Sərgisi

Nəşriyyatlardan birinin əməkdaşı bildirir ki, hər beş ildən bir kağızların qiyməti elə sürətlə artır ki, beş il əvvəl nəşr etdiyikləri kitabı da bu il nəşr etdikləri eyniadlı kitabla həmin qiymətə satmalı olurlar:

“Məsələn, beş il öncə kağızın qiyməti ucuz idisə, həmin kitabı ona uyğun qiymətə satırdıq, ancaq indi həmin kitabın beş il əvvəlki nəşrini indiki qiymətə uyğunlaşdırırıq ki, həm satılsın, həm də zəhmətimiz boşa getməsin. Düşünürəm ki, kağızların qiyməti bu qədər sürətli və kəskin fərqlə bahalaşmamalıdır. Bəli, gözağrıtmayan, insanı yormayan vərəqlərin hazırlanması, ağ rəngli, gözyoran vərəqlərdən daha yuxarı qiymətlə başa gəlir. Ancaq həmin qiymət fərqini bir neçə dəfə qaldırıb, o kağızları ən baha qiymətə mətbəələrə, nəşriyyatlara satmaqla sadəcə ölkədə kitab istehsalını məhvə doğru aparırlar. Belə getsə, daha heç bir nəşriyyat bahalı kağızlara vəsait ayıra bilməyəcək və kitab nəşrləri getdikcə azalacaq”.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Bakı Ekspo Mərkəzində xarici təmsilçilər üçün ayrılmış yerlərdən yerhaqqı alınmır. Bu, sadəcə yerli kitab evləri və nəşriyyatlar üçün keçərlidir. Bu barədə sərgidə iştirak edən yerli nəşriyyat evlərindən biri bildirib.

8-ci Beynəlxalq Kitab Sərgisi

Onu da qeyd edək ki, sərgini ziyarət edənlər üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən ödənişsiz nəqliyyat xətti ayrılıb və ziyarətçilər sərgi zalından çıxdıqdan sonra həmin pulsuz “Bakubus”lardan istifadə edə bilərlər. Sərgidə ziyarətçilərin rahatlığını nəzər alaraq, ayrılmış avtobuslar Bakı Ekspo Mərkəzindən “Koroğlu” metrostansiyasınadək ödənişsiz xidmət göstərirlər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »