Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ata xəyanət şübhəsinə görə 1 yaşlı oğlunu qaldırıb betona çırpıb
Bakıda ata xəyanət şübhəsinə görə 1 yaşlı oğlunu qaldırıb betona çırpıb

Bakıda – Yasamal ərazisində 1 yaşlı oğlunu qaldırıb yerə çırparaq öldürməyə cəhddə ittiham olunan Samir Ağakərimovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Bizimyol.info xəbər verir ki, Samir Ağakərimov sentyabrın 23-də məhkəmədə ifadə verib. O bildirib ki, narkotik vasitə istifadəçisi idi, hadisə günü də narkotikin təsiri altında olub, nə elədiyini xatırlamır.

İttihama əsasən, 1992-ci il təvəllüdlü Samir Ağakərimov həyat yoldaşı Pərvanə Ağakərimovanın ona xəyanət etməsindən şübhələnib, onu bir neçə dəfə izləyib. Hətta oğlu Aminin onun bioloji övladı olmadığını da düşünüb. Elə bu səbəbdən sonuncu dəfə - aprelin 26-da arvadı ilə aralarında dava edəndə uşağı anası Pərvanənin qucağından dartıb alıb, yerə çırpıb. Amin Ağakərimov xəsatəxanaya çatdırılıb və onun həyatını həkimlər xilas edib.

Cinayət işinin materiallarında o da yazılıb ki, həmin gün dava-dalaş zamanı Samir Ağakərimov Pərvanənin əşyalarını küçəyə töküb.

Samir Ağakərimov məhkəmədə ifadəsində bildirib ki, Pərvanə onun ikinci həyat yoldaşıdır. İki arvadından 6 uşağı var. Pərvanə ilə nikahlarından olan üç uşağın sonuncusu Amin olub.

O, Amini bioloji atası olmamasından şübhələnib öldürmək istəməsi haqda ittihamda yazılanlarla razılaşmayıb. Məhkəmədə deyib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib, Aminin atası olmaması da heç vaxt ağlının ucundan keçməyib.

Amma istintaqda ifadəsi fərqlidir. Orada arvadının xəyanətindən, Aminin onun oğlu olmamasından şübhələndiyini deyir.

Bu ziddiyyətə aydınlıq gətirən Samir Ağakərimov bildirib ki, istintaqda ifadə verəndə də özündə olmayıb, hadisədən dərhal sonra həmin ifadəni alıblar və o zaman narkotikin təsiri altında idi.

Samir Ağakərimov onu da əlavə edib ki, internatda böyüyüb, Pərvanə də yetim qız olub, bir-birinə uyğun olduqlarını görüb evləniblər.

O, etiraf edib ki, hadisə günü Pərvanə ilə aralarında mübahisə olub. Amma bunun xəyanət şübhəsi üzündən olmadığını deyir: “Evi təmir edəcəkdik, əşyaları ona görə çölə çıxarmışdım. Mübahisə də ona görə olmuşdu”.

Zərərçəkmişin – Amin Ağakərimovun hüquqi varisi qismində uşağı anası Pərvanə Ağakərimova tanınıb. O, həyat yoldaşını bağışladığını deyib, onun həbsdən buraxılmasını istəyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »