Vladimir Putinin ilin yekunlarına həsr olunmuş ənənəvi mətbuat konfransı jurnalistlərdən biri üçün yaxşı nəticələnməyib.
Rusiya prezidentinə sual verən “Yamal-Region” teleradioşirkətinin əməkdaşı Alisa Yarovskaya işdən çıxarılıb.
Alisa YarovskayaBizimyol.info xəbər verir ki, rəsmi Kreml məsələyə dərhal münasibət bildirib. Putinin mətbuat katibi Dmitri Peskov bu işdə hökumətin heç bir rolu olmadığını söyləyib: “Özü işdən çıxıb, ya çıxarıblar, bunu daha çox şirkətin redaksiyasında bilərlər”.
Peskov bildirib ki, prezident istənilən suala cavab verməyə hazır idi. Yəni sual Putini qıcıqlandırmayıb.
Ehtimal olunur ki, jurnalist yerli məmurların qəzəbinə tuş gəlib. O, Ob çayı üzərindəki körpüdə işlərin yaxşı getmədiyini söyləyib, Putindən federal səviyyədə kömək ehtimalı barədə soruşub. Bundan sonra Yarovskayanın işdən qovulması xəbəri çıxıb. Qadın jurnalist isə öz istəyi ilə getdiyini bildirir.
Artıq 15 ildir Putin belə mətbuat konfranslarında jurnalistlərin qarşısına çıxır. Bu dəfə 1702 nəfər akkreditasiyadan keçibmiş. Mətbuat konfransı 4 saat 18 dəqiqə sürüb.






