Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Kiyev artıq Rusiya ərazisində yerləşən qanuni hərbi hədəflərə öz istehsalı olan uzaqmənzilli silahlarla zərbələr endirmək üçün üçüncü tərəflərin icazəsinə ehtiyac duymur.
Onun sözlərinə görə, bu addımlar BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanır və Ukrayna asimmetrik əməliyyatlarını davam etdirəcək. Bu bəyanat müharibənin gedişində yeni mərhələnin başlandığını və tərəflər arasında hərbi qarşıdurmanın daha da dərinləşə biləcəyini göstərir.
- Bəs Ukraynanın uzaqmənzilli zərbələri artırması müharibədə çəkindirmə balansını dəyişəcək, yoxsa münaqişənin daha genişmiqyaslı eskalasiyasına səbəb olacaq?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna artıq son bir ildə Rusiya ərazilərinə endirdiyi zərbələrin əksəriyyətini öz istehsalı olan silahlarla həyata keçirir.
"Nəzərə alsaq ki, son bir neçə ayda bu hücumlar kifayət qədər intensiv xarakter alıb və bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisində 40 günlük əməliyyatın keçiriləcəyini anons etmişdi, bu müddət ərzində Ukrayna dəqiq taktika ilə Rusiyanın strateji hədəflərini vurmağa davam edib və bu istiqamətdə kifayət qədər ciddi nəticələr əldə olunub.
İlkin hesablamalara görə, Rusiyanın yanacaq sektorunda, xüsusilə neft emalı zavodlarının istehsal gücü təxminən 42 faiz azalıb. Bu isə ölkədə ciddi yanacaq böhranının yaranmasına səbəb olub. Artıq dünyanı enerji resursları ilə təmin edən Rusiyanın özü qonşu ölkələrdən benzin və başqa yanacaq məhsullarını idxal etmək məcburiyyətində qalıb", – deyə politoloq bildirib.
Politoloqun fikrincə, müharibənin ilk üç il yarımı ərzində Ukraynaya hərbi yardım göstərən ölkələr həmin uzaqmənzilli və orta mənzilli silahlarla Rusiya ərazisinin vurulmasına icazə vermirdilər. Bu isə Ukrayna üçün kifayət qədər mürəkkəb vəziyyət yaradırdı.
"Hazırda isə Ukrayna öz istehsalı olan dronlar, eləcə də ballistik raketlər, "Flaminqo" və "Neptun" tipli raketlər vasitəsilə Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirə bilir.
Bir neçə gün əvvəl Ukrayna dronları sərhəddən təxminən 2700 kilometr uzaqlıqda yerləşən Omsk şəhərindəki neft emalı zavodunu hədəfə aldı. Bu zavod Rusiyanın ən böyük iki neft emalı müəssisəsindən biridir. Ukraynanın əldə etdiyi nəticələrin kifayət qədər ciddi olduğunu söyləmək olar", – deyə o vurğulayıb.
Bundan sonrakı dövrə gəlincə, politoloq hesab edir ki, Ukrayna öz mübarizəsini davam etdirəcək və bu zərbələr də davamlı xarakter alacaq.
"Şübhəsiz ki, bu mərhələ müharibənin daha şiddətli fazası kimi qiymətləndirilə bilər. Çünki artıq Rusiya da Ukrayna ərazilərinə dron və raket hücumlarını intensiv şəkildə davam etdirir və hər iki tərəf böyük güclə bu savaşı aparır.
Ukrayna özünümüdafiə hüququndan istifadə edir və artıq Rusiya ərazilərinin dərinliklərini vurmaq üçün hər hansı məhdudiyyətlə üzləşmir. Çünki bunu öz istehsalı olan silahlarla həyata keçirir. Müharibə hələ bir müddət şiddətli şəkildə davam edəcək. Əgər Ukrayna Rusiyanı müəyyən qədər zəiflədə bilsə və ölkə daxilində hakimiyyətə təzyiq artsa, o zaman danışıqlar masasında müəyyən nəticələrin əldə olunması mümkün ola bilər", – deyə Oqtay Qasımov bildirib.
Politoloq Ukraynanın müdafiə sənayesinin inkişafına və bunun gələcəkdə ölkənin geosiyasi çəkisinə təsirinə də toxunub.
"Keçmiş Sovet İttifaqı dövründə Ukraynanın kifayət qədər inkişaf etmiş hərbi-sənaye kompleksi var idi. Həmin potensialın bir hissəsi bu gün də qorunub saxlanılıb və hazırda Ukrayna onu yenidən aktivləşdirir.
Müharibənin başlanğıcında Ukrayna ordusunun təminatının cəmi 10 faizini öz imkanları hesabına həyata keçirə bilirdisə, hazırda bu göstərici 60 faizə qədər yüksəlib. Müasir silahların istehsalı ilə bağlı proqram və layihələr həyata keçirilir, onların bir qismi artıq real nəticə verir. Ukrayna xüsusilə dron istehsalı, antidron sistemlərinin hazırlanması və tətbiqi sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib.
Artıq bir çox dövlət Ukraynanın bu sahədə topladığı təcrübəni bölüşmək və onunla əməkdaşlıq etmək istəyir. Bu istiqamətdə müxtəlif ölkələrlə sazişlər imzalanıb. Bu da Ukraynanın hərbi təhlükəsizlik sahəsində nüfuzunun artdığını göstərir. Hərbi sənayenin inkişafı gələcəkdə də Ukraynanın geosiyasi çəkisinin artmasına mühüm töhfə verəcək.
Artıq Ukraynanın geosiyasi çəkisi kifayət qədər yüksəlib. Bu ölkə Avropanın təhlükəsizliyində mühüm rol oynayır. Onun istehsal etdiyi dron və antidron sistemləri dünyanın diqqət mərkəzindədir. Aparıcı dövlətlərin əksəriyyəti Ukrayna ilə bu istiqamətdə əməkdaşlıq edir və birgə layihələrin həyata keçirilməsi ilə bağlı çoxsaylı razılaşmalar əldə olunub", – deyə politoloq Oqtay Qasımov bildirib.
İradə Cəlil, Bizimyol.info






