Bəzən özümüz öz əllərimizlə suyundan, torpağından, havasından bəhrələndiyimiz ana təbiətin qəsdinə dururuq. Düzdür, çox vaxt bunun fərqində olmuruq, amma necə olursa olsun, nəticə dəyişmir: Biz yaşadığımız təbiətə qarşı laqeydlik edirik. İlbəil artan ekoloji problemlər, qlobal istiləşmələr və s. elə fərqində olmadan etdiklərimizin nəticəsidir. Bütün bunlarla yanaşı yaşadığımız təbiətə qarşı daha diqqətli olan həssas insanlar da var. Onları təbiətimizin qorunması, gələcək nəsillərə təmiz, yararlı saxlaya bilmək düşündürür. Və sevindirici haldır ki, bu gün belə insanların sayı nəinki dünyada, elə ölkəmizdə də genişdir. Lakin yetərli deyil. Bu baxımdan vaxtaşırı bu istiqamətdə təşkil olunan tədbirlər, aksiyalar böyük önəm daşıyır. Təbiətə qarşı diqqətli olan insanların sayı artdıqca təbii ki, təbiətin qorunması istiqamətində işlər də daha səmərəli xarakter alır.
Günümüzdə ətraf mühiti çirkləndirən əsas amillərdən biri də plastik tullantılardır. Bu tullantılar təbiətdə yüz illər ərzində parçalanır. Buna baxmayaraq, bu cür tullantıların miqdarı ilbəil artmaqdadır. Plastik tullantılar ətraf mühitin çirklənməsi, torpağın məhsuladarlığının aşağı düşməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq vaxtaşırı ətraf mühitin təmizlənməsi, qorunması və buna diqqət çəkmək üçün tədbirlər təşkil olunur.
Elə sentyabrın 21-i Beynəlxalq Sahilyani Təmizlik Günü çərçivəsində bir sıra nüfuzlu şirkətlər, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək Buzovna çimərliyində həyata keçirdiyi genişmiqyaslı aksiya da bunlardan biridir. 33 ildir ki, dünyanın bir çox ölkəsində qeyd edilən bu ekoloji aksiyada ölkəmiz artıq 9 ildir ki, iştirak edir. İldən-ilə genişlənən aksiyada ənənəvi olaraq "Coca-cola", "Bakcell", "PAŞA Bank" şirkətləri və "ASAN Könüllülük Məktəbi"nin "Yaşıl ASAN" təşəbbüsçüləri çıxış edir. Aksiyanın partnyorları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, "AzEkol", "CarlsbergAzerbaijan", "Nargis" jurnalı, "ASAN Radio", "Xəzər TV", AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyasıdır.
Aksiyada iştirak edən könüllü gənclər, şirkət əməkdaşları, onların ailə üzvləri çox yüksək əhval ruhiyyədə idilər. Ən çox diqqət çəkən isə azyaşlı uşaqların valideynləri tərəfindən bu işə cəlb edilməsi, onlardakı maraq idi. Hər nə qədər yaşları az olsa da, etdikləri işin əhəmiyyətini dərk edirdilər.
Könüllü gənclərlə söhbətimizdən də gəldiyim nəticə o oldu ki, ölkəmizdə ekoloji problemlərə diqqət hər il artmaqdadır. Ən sevindirici hal isə çirkli ərazinin təmizlənməsində göstərilən maraqdan əlavə insanların tullantılara qarşı daha diqqətli yanaşmasıdır. Təbii ki, bu diqqətli yanaşmanın formalaşmasında bu cür beynəlxalq tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.
Buzovna çimərliyi ətrafında geniş ərazinin zibildən təmizlənməsi aksiyasında 800 nəfər iştirak edirdi. İştirakçıların hər biri üçün təhlükəsizlik məqsədilə əlcək, ərazidən toplanan tullantıların yığılması üçün 600-ə yaxın plastik torba paylanmışdı. Yığılan tullantılar "AzEkol" şirkəti tərəfindən ərazidən daşındıqdan sonra çeşidlənərək yenidən emala göndəriləcək.

Burada diqqətimi çəkən plastik tullantıların toplanmasında elə plastik torbalardan və əlcəklərdən istifadə edilməsi idi. Könüllü gənclərlə söhbətimizdə onlar da buna alternativ düşünülməsini dilə gətirdilər. Həmin torbaların təkrar emala getməsinə baxmayaraq, ümid edirik ki, növbəti aksiyalarda parça materialdan olan torbalardan istifadə nəzərdə tutulacaq.
Aksiyanın sonunda tədbirin ənənəvi təşkilatçılarından olan “Bakcell” şirkətinin PR və korporativ kommunikasiya direktoruSüheylə Cəfərovailə həmsöhbət olduq. S. Cəfərova bildirdi ki, əvvəllər bu aksiyaya bu qədər adam, tərəfdaş cəlb etmək elə də asan deyildi, amma bu gün 1000-dən artıq iştirakçı var: “Son iki ildə artıq biz başqa şirkətlərdən bu hərəkata qoşulmaq üçün xahişlər alırıq. Bu çox gözəl addımdır. Nə yaxşı ki, şirkətlərimiz, qurumlarımız bu tipli aksiyalarda yaxından iştirak etməkdə maraqlıdırlar. Həmçinin bizim üçün çox sevindirici haldır ki, bu ənənənin əsasını qoyan şirkətlərdən biriyik. Bu aksiya bizim gələcəyimizin sağlamlığı baxımından çox böyük önəm daşıyır.
Şirkət olaraq bu təşəbbüsü dəstəkləməyə və hər il daha da genişləndirməyə hazırıq. Könüllük hərəkatına 30-a yaxın əməkdaşımız qoşulub. Hətta, ailələri gələn əməkdaşlarımız da var. Qeyd edim ki, həm korporativ təşkilat olaraq qoşulanların, həm də könüllülərin, gənclərin, ailələrin sayı artıb. Əslində bu birlikdə vaxt keçirmək üçün, sosiallaşmaq üçün gözəl addımdır. Yəni burada məqsəd təkcə təmizləmək deyil, həm də sosiallaşmaq, təmiz havada gəzmək, daha çox insan tanımaq və ətraf mühit problemlərinin birlikdə həllinə çalışmaqdır. Əvvəllər 400-500 gəncdən, könüllüdən danışırdıq, indi bu aksiyaya gördüyünüz kimi minə yaxın iştirakçı qoşulub. Bu, digər tərəfdən, insanların ətraf mühitə münasibətini dəyişmək üçün bir təbliğat kampaniyasıdır”.
“Coca-Cola” şirkətinin region üzrə İctimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev də jurnalistlərin suallarını cavabladı, aksiyanın məqsədi haqqında fikirlərini bildirərək bu il bu hərəkata qoşulan tərəfdaşların sayında artım olduğunu vurğuladı: “Aksiyanın məqsədi ilk növbədə sahilyanı əraziləri tullantılardan təmizləməkdir. İkincisi isə, vətəndaşlar arasında ekoloji məsuliyyət hissini aşılamaqdır ki, insanlar təbiətimizə daha diqqətli olsun, qayğı ilə yanaşsınlar. Xəzər dənizi hamımızın milli sərvətidir, onu çirkləndirməsinlər. Bu dəfə aksiyamıza ölkəmizdə qonaq olan əcnəbilər də, diplomatlar da qoşulub. İldən-ilə iştirakçıların sayı artır. İlk dövrlərdə 20-30 nəfərlə başladığımız bu aksiyada artıq 1000-ə yaxın adam iştirak edir. Ümid edirik ki, bu addımla daha geniş kütlə arasında ekoloji məsuliyyət hissi artacaq”.
Aləmdə Nəsib
Bizimyol.info






