Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Botoksdan sonra pasiyentdə yaranan fəsadların səbəbi nədir?
Botoksdan sonra pasiyentdə yaranan fəsadların səbəbi nədir?

Azərbaycanda bəzi xanımların saxta botoksdan zəhərləndiyi iddia olunur.

Bizimyol.info xəbər verir ki, adının çəkilməsini istəməyən xanım başına gələn xoşagəlməz hadisə ilə bağlı sosial mediada paylaşım edib. O bildirib ki, botoks prosedurundan iki gün sonra ayaqları tutulub, gözlərində bulanıq görmə yaranıb, başı hərlənib.

O, həmçinin udqunma və çeynəmə zamanı çətinlik çəkdiyini deyib.

Getmədiyim həkim qalmayıb. Bütün analizlərim normal çıxıb, heç bir problem tapılmayıb. Mənə əzələlər üçün dərmanlar, sistemlər və masaj yazdılar. Bir qədər yaxşılaşdım, amma hələ də qollarımı qaldırmaqda çətinlik çəkirəm, çox yavaş yeriyirəm. Qorxuram ki, yıxılım. Bir neçə dəfə ayaqlarım məni saxlamayıb və yıxılmışam.

Heç yerə tək çıxa bilmirəm. Geyinməyə belə anam kömək edir. Demək olar ki, təkbaşına heç nə edə bilmirəm. Mən özüm videografam, iki uşağım var.

Əvvəllər çəkilişlərə gedən insan indi heç nə edə bilmirəm.

“Boş şeydir” yazanlara demək istəyirəm ki, xeyr, heç də boş şey deyil. İnsanlar ehtiyatlı olsunlar. Heç kimin başına belə hadisə gəlməsin”.

Araşdırmalar göstərir ki, botoks zəiflədilmiş formada bir zəhərdir.

Gələcəkdə immun xəstəliklərə tutulma riskini artırır. Güclü baş ağrıları ilə müraciət edən pasiyentin anamnezinə baxış zamanı məlum olub ki, o, illər əvvəl botoks proseduru etdirib.

Dermatokosmetoloq Aygün Mustafayeva Bizimyol.info xəbər portalına bildirib ki, hər kəs preparatın sertifikatını tələb etməlidir:

Birinci növbədə pasiyentlər bilməlidirlər ki, kimə müraciət edirlər. Sertifikatı olan mütəxəssisə, dermatoloqa, həkim-kosmetoloqa müraciət etməlidirlər.

İkinci növbədə isə həkim prosedur həyata keçirən zaman istifadə olunan botulinum toksin preparatının sertifikatını təqdim etməlidir. O zaman belə xoşagəlməz hallar yaranmaz.

Hazırda kimin hara getdiyini, hansı botoksun və hansı preparatın vurulduğunu müəyyən etmək mümkün deyil. Təəssüf ki, belə hallar çoxdur. İnsanlar diqqətli olmalıdırlar, gözüaçıq olmalıdırlar ki, kimə müraciət edirlər və hansı prosedurları etdirirlər. Hər bir şəxs prosedur zamanı istifadə olunan preparatın sertifikatını tələb etməlidir. Bu halda belə problemlərlə qarşılaşmazlar”.

“Normalda botulinum toksini üz mimik əzələlərinin müalicəsində, qırışların aradan qaldırılmasında istifadə olunur. Orada toksinin miqdarı o qədər cüzidir ki, belə halların yaranması üçün nəzərdə tutulmayıb və bu cür fəsadlara səbəb olmamalıdır, - deyə dermatokosmetoloq vurğulayıb.

Aygün Mustafayeva əlavə edib:

Yaranan problemlərin səbəbi istifadə olunan preparatın saxta olması, təmizlənməmiş preparat olması və ya hər hansı halda dozanın həddindən artıq tətbiq edilməsi ola bilər. Ona görə də çox ehtiyatlı olmaq lazımdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »