Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Torpağı əkə bilmirik” - Saatlı sakinlərinin su probleminə ADSEA-dan açıqlama
“Torpağı əkə bilmirik” - Saatlı sakinlərinin su probleminə ADSEA-dan açıqlama

Saatlı rayonunun Nəsimikənd kənd sakini (kəndin əvvəlki adı Adıgün olub- G.H) Cəmil Camal redaksiyamıza su problemi ilə bağlı şikayət edib.

O deyib ki, son illər içməli su ilə bağlı çox əziyyət çəkirlər. Kəndlilər tarlalarını suvara bilmir, demək olar ki, torpağı əkə bilmirlər. Nəticədə kənd sakinləri kənd təsərrüfatı məhsullarını şəhər sakinləri kimi pulla almağa məcbur qalırlar.

“Vaxt var idi ki, bu kənddən bazarlara tonlarla qarpız, yemiş göndərilirdi. Amma indi kənd camaatı həmin məhsulları pulla alır. Çünki su yoxdur, torpağı əkə bilmirik. Bizim rayonda əsas məşğuliyyət pambıqçılıqdır. Burada daha çox kollektor-drenaj sistemi var. Həmin drenajlar yeraltı qrunt sularını və şor suları çəkir. İnsanlar məcbur qalıb motor vasitəsilə kollektorların şor suyu ilə əkin sahələrini suvarırlar. Bu, həm çox baha başa gəlir, həm də torpağı şorlaşdırır. Amma əlacsızlıqdan bunu edirlər”.

Kənd sakini bildirib ki, problemlərlə bağlı rayon İcra Hakimiyyətindən tutmuş deputata qədər dəfələrlə müraciət olunub. Lakin heç bir nəticə olmayıb.

Məsələ ilə bağlı ADSEA tabeliyində Regional Su Meliorasiya xidmətinə sorğu göndərdik. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, suyun verilməsi alternativ kanal vasitəsilə təmin edilir: “Saatlı rayonunun Nəsimikənd kənd sakini Cəmil Camalın müraciəti aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Nəsimikənd kəndinin və kənd sakinlərinin əkin sahələrinin su təminatı Aşağı Muğan kanalı və Aşağı Muğan kanalının II qol (Gümüş) kanalı vasitəsilə həyata keçirilir. Hazırda Aşağı Muğan kanalının yenidən qurulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində tikinti-quraşdırma işləri aparılır. Layihənin icrası ilə əlaqədar suyun verilməsi alternativ kanal vasitəsilə təmin edilir.

Davam edən tikinti-quraşdırma işləri su sərfinin artırılmasına imkan vermədiyindən, Aşağı Muğan kanalı və Aşağı Muğan kanalının II qol (Gümüş) kanalına su növbəlilik prinsipi əsasında verilir. Bununla yanaşı, Nəsimikənd kəndində fəaliyyət göstərən modul tipli sutəmizləyici qurğu vasitəsilə kənd sakinlərinin içməli su ilə təmin olunması həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »