Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: Geosiyasi vəziyyət Kipr məsələsinin təcili həllini tələb edir
Quterreş: Geosiyasi vəziyyət Kipr məsələsinin təcili həllini tələb edir

BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, regionda formalaşan mürəkkəb geosiyasi vəziyyət Kipr probleminin təxirəsalınmadan həllini zəruri edir.

Bizimyol.info xəbər verir ki, o, bu fikri Nikosiyada Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə görüşü zamanı səsləndirib.

Kipr İnformasiya Agentliyinin məlumatına görə, Quterreş bildirib: “Əgər Kipr probleminin həllinin xüsusi əhəmiyyət kəsb etdiyi bir dövr varsa, bu məhz indi – regionda hökm sürən xaos şəraitidir.”

Baş katibin sözlərinə görə, əks halda baş verə biləcək müəyyən geosiyasi dəyişikliklər Kipri gözlənilmədən arzuolunmaz hadisələrin mərkəzinə çevirə bilər.

Quterreş Nikosiyaya səfərini “həmrəylik və təvazökarlıq missiyası” kimi dəyərləndirib. O qeyd edib ki, səfərin məqsədi Kiprin iki icmasına adanın uzunmüddətli probleminin həlli istiqamətində dəstək verməkdir. Onun sözlərinə görə, Kipr münaqişəsinin nizamlanması təkcə ada üçün deyil, bütövlükdə regionda gərginliyin azalmasına da töhfə verəcək.

BMT Baş katibi vurğulayıb ki, onun vəzifəsi tərəflərə nə etməli olduqlarını diktə etmək deyil. Əksinə, o, Kipr icmalarının və onların liderlərinin sülh yolu ilə həll istiqamətində atacaqları addımlara tam sadiqlik və təvazökarlıqla dəstək verməyə hazır olduğunu bildirib. “Əlimdən gələn hər şeyi edəcəyəm”, – deyə Quterreş əlavə edib.

Xristodulidislə görüşdən sonra BMT Baş katibi Nikosiyanın şimal hissəsinə yollanıb. Burada o, Kipr nizamlanmasının perspektivlərini Şimali Kipr Türk Cumhuriyyətinin lideri Tufan Erhürman ilə müzakirə edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »