Bu gün biz hər şeyi sürətli, anlıq və kimyəvi yollarla həll etməyə o qədər alışmışıq ki, pəncərəmizin önündəki, bağçamızdakı o kiçik möcüzələri demək olar ki, görmürük. Müasir gözəllik salonlarında saatlarla vaxt keçirib saçlarımızı ağır kimyəvi maddələrin təsirinə buraxarkən, əslində təbiətin bizə təqdim etdiyi ən zərif və ən sağlam alternativlərdən birini — çobanyastığını arxa plana atırıq.
Çobanyastığı ilə saç rəngini açmaq sadəcə kosmetik bir prosedur deyil, eyni zamanda saçlara təbii qulluq və onları yüngül şəkildə canlandırmaq prosesidir. Bu bitkinin tərkibindəki təbii piqmentlər saç telini zədələmədən, qurutmadan onu daxildən işıqlandırır. Xüsusilə qumral və açıq qəhvəyi saçlarda bu təsir daha aydın hiss olunur və bir neçə tətbiqdən sonra saçlarda sanki günəş işığının təbii əksi yaranır. Bu üsul kimyəvi boyalar kimi saçın strukturunu dağıtmır, əksinə ona yumşaqlıq və canlılıq verir.
Çobanyastığı ilə saç açmaq prosesi isə olduqca sadədir. Yarım litr su qaynadılıb oddan götürülür və üzərinə 3–4 xörək qaşığı qurudulmuş çobanyastığı çiçəyi və ya 4–5 paket çay əlavə edilir. Qarışımın tərkibinin tam açılması üçün 30–40 dəqiqə qapaqlı şəkildə dəmlənməsi vacibdir. Daha sonra süzülür və istəyə görə yarım limon suyu və bir çay qaşığı bal əlavə olunur. Hazırlanan məhlul təmiz və nəm saçlara sprey vasitəsilə bərabər şəkildə çəkilir və saç yaxalanmır. Çünki çobanyastığının aktiv təsiri günəş işığı ilə birlikdə daha güclü olur. Bu səbəbdən 45–60 dəqiqə günəş altında qalmaq saçın daha təbii şəkildə açılmasına şərait yaradır. İstənilən nəticə üçün bu proseduru həftədə bir neçə dəfə təkrarlamaq kifayətdir.
İradə Cəlil, Bizimyol.info






