ABŞ ilə İran arasında gərginliyin azalacağına dair gözləntilər və Hörmüz boğazında gəmiçiliyin bərpası ehtimalı qlobal neft bazarında qiymətlərin sürətlə enməsinə səbəb olub. Analitiklər hesab edirlər ki, bölgədə hərbi eskalasiya yenidən başlamasa, neftin qiymətində eniş tendensiyası davam edə bilər.
- Neft qiymətlərinin ucuzlaşması dünya iqtisadiyyatı və enerji bazarına necə təsir göstərə bilər?
- Neftin qiyməti yalnız enerji bazarını deyil, dövlət büdcələrini, inflyasiyanı və qlobal iqtisadi artımı müəyyən edən əsas göstəricilərdən biridir.
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında gərginliyin azalacağına dair gözləntilər və Hörmüz boğazında gəmiçiliyin bərpası ehtimalı neft bazarlarında geosiyasi risk mükafatının azalmasına səbəb olub.
İqtisadçının sözlərinə görə, əslində neftin qiyməti yalnız hasilat həcmi və istehlakla müəyyən olunmur. Geosiyasi risklər də qiymətin formalaşmasına birbaşa təsir göstərir. Müharibə və ya ticarət marşrutlarının bağlanması ehtimalı qiymətləri yüksəltdiyi kimi, risklərin azalması da bazarlarda qiymətlərin enməsinə səbəb olur.
Asif İbrahimov bildirib ki, Hörmüz boğazı dünya üzrə daşınan neftin təxminən beşdəbirinin keçdiyi ən strateji enerji marşrutlarından biridir.
Onun fikrincə, bu marşrutun təhlükəsiz fəaliyyəti bazarlarda təkliflə bağlı narahatlığı azaldır və qiymətlər üzərində aşağı istiqamətli təzyiq yaradır.
“Əgər regionda hərbi eskalasiya yenidən baş verməzsə və enerji tədarükündə fasilə yaranmazsa, yaxın dövrdə neft bazarında qiymətlərin sabitləşməsi və müəyyən qədər aşağı səviyyədə qalması ehtimalı yüksəkdir.
Neft qiymətlərinin ucuzlaşmasının dünya iqtisadiyyatına təsiri ölkələrin enerji balansından asılı olaraq fərqlənir. Enerji idxal edən ölkələr üçün bu proses müsbət qiymətləndirilir. Çünki istehsal xərcləri azalır, logistika ucuzlaşır, inflyasiya təzyiqləri zəifləyir və mərkəzi bankların faiz dərəcələrini aşağı salmaq imkanları artır. Bu isə iqtisadi artımı stimullaşdıran amillərdən biri hesab olunur”, – deyə o bildirib.
İqtisadçı deyib ki, enerji ixrac edən ölkələr üçün mənzərə fərqlidir.
Neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması dövlət gəlirlərinin azalmasına, büdcə imkanlarının məhdudlaşmasına və investisiya layihələrinin maliyyələşdirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.
Asif İbrahimov əlavə edib ki, xüsusilə iqtisadiyyatında enerji sektorunun payı yüksək olan ölkələr bu dəyişikliklərə daha həssas olurlar.
“Azərbaycan üçün də neft qiymətlərinin dinamikası strateji əhəmiyyət daşıyır. Son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılsa da, dövlət büdcəsinin gəlirlərində, ixrac daxilolmalarında və Dövlət Neft Fondunun formalaşmasında neft-qaz sektorunun rolu hələ də böyükdür. Buna görə də neftin qiymətində uzunmüddətli eniş fiskal gəlirlərin azalmasına və büdcə planlaşdırılmasında əlavə risklərin yaranmasına səbəb ola bilər.
Vəziyyəti dramatik qiymətləndirmək də düzgün olmaz. Azərbaycan son illərdə fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atıb”, – deyə o bildirib.
İqtisadçının sözlərinə görə, Dövlət Neft Fondunun aktivləri, Mərkəzi Bankın valyuta ehtiyatları və büdcənin daha konservativ neft qiyməti əsasında planlaşdırılması qısamüddətli qiymət dalğalanmalarının təsirini müəyyən qədər yumşaldır. O əlavə edib ki, neftin qiymətində qısamüddətli enişlərin dərhal iqtisadi sabitliyi pozacağını gözləmir.
İqtisadçı deyib ki, nəzərə almaq lazımdır, Azərbaycanın enerji gəlirləri artıq yalnız neftdən formalaşmır. Onun fikrincə, Avropa bazarına təbii qaz ixracının genişlənməsi enerji ixracının strukturunu daha balanslı edir. Bu da neft qiymətlərindəki dəyişikliklərin iqtisadiyyata təsirini əvvəlki illərlə müqayisədə müəyyən qədər azaldır.
“Burada diqqət yetirilməli olan əsas məsələ neftin qiymətinin hansı səviyyəyə enməsi deyil, həmin qiymətin nə qədər müddət davam etməsidir. Qısamüddətli dalğalanmalar enerji bazarı üçün normal prosesdir.
Əsas risk qiymətlərin uzun müddət aşağı səviyyədə qalmasıdır. Bu halda həm dövlət gəlirləri, həm də enerji sektorunda investisiya aktivliyi zəifləyə bilər”, – deyə o bildirib.
İqtisadçı hesab edir ki, indiki şərait Azərbaycan üçün bir daha göstərir ki, iqtisadiyyatın dayanıqlılığı yalnız yüksək neft qiymətləri üzərində qurulmamalıdır.
Onun fikrincə, uzunmüddətli inkişafın əsas təminatı qeyri-neft ixracının artırılması, sənayeləşmənin sürətləndirilməsi, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və özəl sektorun gücləndirilməsidir.
Asif İbrahimov deyib ki, neft gəlirləri iqtisadi inkişaf üçün imkan yaradır, lakin davamlı inkişafın əsas mənbəyi məhz rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatıdır.
İqtisadçı sonda vurğulayıb ki, ümumilikdə ABŞ–İran münasibətlərində gərginliyin azalması və Hörmüz boğazında təhlükəsizliyin bərpası neft bazarında qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
“Bu, qlobal inflyasiyanın azalmasına və enerji idxal edən ölkələrin iqtisadiyyatına müsbət təsir göstərsə də, enerji ixrac edən ölkələr üçün fiskal gəlirlərin azalması riskini artırır. Azərbaycan qısamüddətli qiymət dəyişikliklərini mövcud maliyyə ehtiyatları hesabına idarə edə bilsə də, uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ən vacib prioritet olaraq qalır”, – deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






