ABŞ-da Meksika mənşəli kahı məhsulları ilə əlaqəli olduğu ehtimal edilən parazit epidemiyası genişlənməkdə davam edir.
Bizimyol.info xəbər verir ki, mikroskopik "Cyclospora" parazitinin səbəb olduğu xəstəlik artıq ölkənin 9 ştatında qeydə alınıb.
Son yoluxma hallarından sonra İllinoys, Kanzas, Oklahoma və Pensilvaniya ştatları da epidemiyanın yayıldığı bölgələr siyahısına əlavə olunub. Daha əvvəl isə xəstəlik İndiana, Kentukki, Miçiqan, Ohayo və Qərbi Virciniyada aşkarlanmışdı.
"Cyclospora" insan orqanizminə çirkli qida və ya su vasitəsilə daxil olur. Parazit əsasən güclü ishal, qarın ağrısı və digər həzm sistemi problemlərinə səbəb olur. Bəzi hallarda xəstələrin tibbi yardım üçün xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranır.
Araşdırmalar zamanı yoluxma hallarının böyük kahı istehsalçılarından biri olan "Taylor Farms" şirkətinin məhsulları ilə əlaqəli olduğu müəyyən edilib. Şirkət Meksikanın mərkəzi bölgəsindən tədarük etdiyi bütün kahı məhsullarını könüllü şəkildə bazardan geri çağırıb.
Məhsulların bir sıra iri supermarket şəbəkələrinə və restoranlara çatdırıldığı bildirilir. Şirkətin bu addımı epidemiyanın daha geniş yayılmasının qarşısını almaq məqsədi daşıyır.
ABŞ səhiyyə qurumlarının məlumatına görə, ilin əvvəlindən qeydə alınan yoluxma halları əvvəlki illərin orta göstəricilərini xeyli üstələyib. May ayından etibarən laboratoriya təsdiqli minlərlə yoluxma faktı məlum olub.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin simptomlarının yoluxmadan bir neçə həftə sonra üzə çıxması epidemiyanın mənbəyinin müəyyənləşdirilməsini və yayılmanın qarşısının alınmasını çətinləşdirir. Səhiyyə orqanları əhaliyə qida təhlükəsizliyi qaydalarına riayət etməyi və şübhəli məhsullardan istifadə etməməyi tövsiyə edir.
Bizimyol.info






