Çin ABŞ və İran arasında silahlı qarşıdurmanın nizamlanması istiqamətində Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir və bu səyləri bundan sonra da dəstəkləməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van Yu Qırğızıstanın Çolpon-Ata şəhərində Pakistanın xarici işlər naziri İshaq Dar ilə keçirdiyi görüşdə bildirib. Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Van Yi qeyd edib ki, Çin Pakistanın İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasındakı mühüm rolunu yüksək qiymətləndirir.
“Çin Pakistanın vasitəçilik səylərini bundan sonra da tam dəstəkləyəcək, bütün tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına töhfə verəcək”, – deyə o bildirib.
Çinli nazir əlavə edib ki, Pekin İslamabadla ŞƏT və BMT kimi çoxtərəfli platformalarda əməkdaşlığı daha da gücləndirməyə, hər iki ölkənin, eləcə də Qlobal Cənub dövlətlərinin qanuni maraqlarını birlikdə müdafiə etməyə hazırdır.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Pakistanın xarici işlər naziri İshaq Dar da iki ölkə arasında koordinasiyanın əhəmiyyətini təsdiqləyib.
İshaq Dar bildirib ki, Pakistan vasitəçilik missiyasını davam etdirməyə hazırdır və bu istiqamətdə göstərdiyi davamlı dəstəyə görə Çinə təşəkkür edib. O, həmçinin ŞƏT çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsində, regionda sülhün, inkişafın və sabitliyin təmin olunması naminə birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Bizimyol.info






