Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: İranla böyük razılaşma naminə tələsməyəcəyik
Tramp: İranla böyük razılaşma naminə tələsməyəcəyik

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu ilin noyabrında keçiriləcək Konqresə aralıq seçkilərinin yaxınlaşmasına baxmayaraq, İranla münaqişənin sülh yolu ilə həlli üzrə mümkün razılaşmanı sürətləndirmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp deyib ki, seçkilərlə bağlı müzakirələrə baxmayaraq, əsas məqsəd düzgün qərarın qəbul edilməsidir.

“Hamı seçkilərdən danışsa da, mən tələsmirəm. Biz bunu düzgün etməliyik. Seçkilərlə bağlı məsələlər öz həllini tapacaq”, – deyə o bildirib və İranla mümkün sülh sazişini “böyük razılaşma” adlandırıb.

ABŞ prezidenti deyib ki, İranla aparılan danışıqlarda çoxsaylı nümayəndələr iştirak edir. Onun sözlərinə görə, bu prosesə vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio da cəlb olunublar.

“Hazırda danışıqlar aparırıq, nəticənin necə olacağını zaman göstərəcək”, – deyə Tramp əlavə edib.

Trampın sözlərinə görə, İran razılaşmanın əldə olunmasına son dərəcə ciddi yanaşır. “Düşünürəm ki, onlar indiyədək gördüyümüzdən daha ciddi mövqe nümayiş etdirirlər. Lakin bu, mütləq razılığa gələcəyimiz anlamına gəlmir”, – deyə ABŞ lideri vurğulayıb.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazmışdı ki, Tramp İranla münaqişənin uzanmasından narazıdır. Nəşrin iddiasına görə, prezidentin bəzi müşavirləri hesab edirlər ki, müharibənin davam etməsi qiymət artımına, Trampın reytinqinin aşağı düşməsinə və 10-dan çox amerikalı hərbçinin həlak olmasına səbəb olub. Onların fikrincə, bu vəziyyət Trampın prezidentlik müddətinə mənfi təsir göstərir və Respublikaçılar Partiyasının qarşıdakı Konqres seçkilərindəki perspektivlərini zəiflədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »