Kənd təsərrüfatında baş verənlər daha çox ətin qiymətinin yüksəlməsinə xidmət edir. Örüş yerləri azalır, torpaq sahələrindən səmərəli istifadə olunmur, fərdi təsərrüfatlar susuzluqdan sıradan çıxır, ət kəsimi və heyvan daşınması prosesi mürəkkəbləşdirilir. Bu şəraitdə ətin qiymətinin artması qaçılmazdır. Üstəlik, iribuynuzlu mal-qara və qoyun sayı da azalır.
Bizimyol.info xəbər verir ki, ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 431,4 min baş olub. Keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 22,4 min baş azalma qeydə alınıb. Ölkədəki qoyun və keçilərin sayı da azalıb. İndi rəqəm 6 milyon 850,6 mindir. Keçən illə müqayisədə təxminən 36 min baş azalma var.
İribuynuzlu mal-qara, qoyun və keçi sayında geriləmədə örüş yerlərinin yavaş-yavaş qəhətə çəkilməsi vacib rol oynayır. Bunu mütəxəssislər hər açıqlamada qeyd edirlər. Məsələn, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli belə düşünür. Amma rəsmi açıqlamalarda heyvanların erkən kəsimi xüsusi vurğulanır. Bununla məsuliyyət fermerlərin, sahibkarların üzərinə qoyulur.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev əmindir ki, xırdabuynuzlu heyvanların - quzuların vaxtından əvvəl kəsimi, eləcə də körpə danaların kəsimi heyvandarlığa böyük ziyan vurur. Milli Məclisin üzvü bununla bağlı bir neçə dəfə danışıb. Onun sözlərinə görə, 7-8 kiloqramlıq quzuların, 50-60 kiloqramlıq danaların kütləvi kəsilməsi birbaşa bahalaşmaya səbəb olur. Akif Nəsirli bu fikirlə razı deyil. İqtisadçı bildirir ki, heyvanların erkən yaşda kəsilməsi heç fermerlərin özünə sərf etmir.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxsləri də başqa söz demir. Onlar çox əmindir ki, heyvanlar tez kəsilməsə, bahalaşma yaranmaz. Halbuki gözümüzün önündə fərdi təsərrüfatlar məhv olur. Kəndlilər örüş yerlərindən məhrum qalıblar. Susuzluq kəndlərdə həyatı yaşanmaz hala gətirib. Üstəlik, yeni qaydalar kəndlinin də, fermerin də əl-qolunu bağlayır, onları əlavə xərcə salır. Bu halda heyvan sayının azalması da, ətin bahalaşması da təbiidir. Başqa səbəblər axtarmağa dəyməz.
Aytən, Bizimyol.info






