2008-ci il qlobal maliyyə böhranından sonra Yunanıstanda böyüyən əsas sahələr qida-içki və daşınmaz əmlak sektoru olub.
Yunan akademikləri apardıqları yeni araşdırmada bu tendensiyanı “kafe iqtisadiyyatı” kimi xarakterizə edirlər.
Araşdırmaya görə, ölkədə həm kafelərin sayı, həm də qida-içki sektorunda çalışanların sayı artmaqda davam edir.
İqtisadi çətinliklər zamanı insanların maliyyə qərarları dəyişir, onlar uzunmüddətli yatırımlardan daha çox cari ehtiyaclara və gündəlik xərclərə yönəlirlər.
Mütəxəssislərin fikrincə, bu vəziyyət yalnız Yunanıstana xas deyil, bənzər iqtisadi reallıqlarla üzləşən başqa ölkələrdə də müşahidə olunur.
- İqtisadi çətinliklər insanların istehlak vərdişlərinə və həyat tərzinə necə təsir edir?
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev bildirib ki, gəlirlər azaldıqca insanlar uzunmüddətli investisiyaları təxirə salır: “İqtisadi çətinliklər insanların istehlak davranışını dəyişdirir. Gəlirlər azaldıqca insanlar mənzil, avtomobil və ya təhsil kimi uzunmüddətli investisiyaları təxirə salır, əvəzində isə daha əlçatan və qısa müddətli psixoloji rahatlıq verən istehlaka - kafe, qida və əyləncə xidmətlərinə üstünlük verirlər. Bu, sosial gərginlik fonunda insanların gündəlik stressdən uzaqlaşmaq və sosial əlaqələrini qorumaq cəhdinin təzahürü kimi qiymətləndirilə bilər”.
Günel Həsənova, Bizimyol.info






