Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baltikyanı ölkədə azərbaycanlıların sayı azalır: Yerli dili öyrənmək şərti qoyulub
Baltikyanı ölkədə azərbaycanlıların sayı azalır: Yerli dili öyrənmək şərti qoyulub

Ölkəni tərk etmək istəyənlərin çoxluğunu səyahət qruplarındakı müzakirələrdən bilmək olur. Xüsusilə Şengen dövlətlərinə can atanlar saysız-hesabsızdır. İnsanlar viza görüşləri üçün aylarla gözləməli olurlar. Konsulluqlardan birindən imtina cavabı alanlar başqasına üz tutur. Yəni nə olur-olsun viza almağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, xüsusi populyarlığı ilə seçilən əmək miqrasiyasının ən populyar istiqamətləri Polşa və Litvadır. Əlbəttə, Monteneqroya, Vyetnama işləməyə gedənlərin sayı da az deyil. Amma Polşa və Litvada əməlli-başlı icmalar formalaşıb.

Litvada azərbaycanlıların sayı azalmağa başlayıb. Keçən dəfə Polşa ilə bağlı vəziyyəti yazmışdıq. Bu ölkə azərbaycanlılara yaşamaq üçün əvvəlki qədər sərf etmir. Müəyyən mənada Litva haqqında da bunu demək olar.

Baltikyanı ölkədə yaşayan Nicat Əsədov deyir ki, Polşada olduğu kimi, burada da dil amili vacib rol oynayır. Amma viza məsələləri işi lap çətinləşdirib: “Yerli dili öyrənmək asan deyil. Deyirlər ki, dünyanın ən çətin on dilindən biridir. Qanunvericilik də dəyişib. Gələn ildən xidmət sektorunda olan əcnəbilər, heç olmasa, A1 səviyyəsində danışmalıdırlar. Buradakı azərbaycanlıların çoxu rus dilindən istifadə edir. Nə qədər adam işsiz qalacaq. İndidən gedənlərin sayı gələnlərdən çoxdur. Başqa ölkənin vizası ilə gələnlərə də xüsusi diqqət yetirirlər. Say daha da azalacaq”.

Bir müddətdir Litvada yaşayan Ziya Qasımov yerli dili öyrənməyin asan olmadığını etiraf edir. Buna baxmayaraq, həmvətənimiz müəyyən qədər danışmağı bacarır: “İnsanın özündən asılıdır. A1 nə səviyyədir ki, onu öyrənə bilməyək? Mən çalışıram, yerli adamlarla çox ünsiyyətdə olum. Bizimkilər burada daha çox belaruslularla, ukraynalılarla danışırlar. Rus dilinə üstünlük vermək Litva dilini öyrənməyə mane olur. Mən əvvəldən bunu nəzərə almışam”.

Azərbaycanda işsizliyin səviyyəsi yüksək olmasa, gənclər də xaricdə bu qədər çətinliklə qarşılaşmağa məcbur qalmaz. Problem ondadır ki, əmək miqrantları getdiyi ölkəyə çatan kimi işləməli olur. Dil bacarığını inkişaf etdirmək imkanları məhduddur. Buna baxmayaraq, iş mühitində mümkün qədər çox ünsiyyətdə olmaqla vacib mərhələni aşmaq mümkündür. Yoxsa əksəriyyət işini itirəcək. Litvada hadisələr bu istiqamətdə inkişaf edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »