Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Almaniya ilə neft-qaz sektorundan kənarda da əlaqələri dərinləşdirir” - Euronews
“Azərbaycan Almaniya ilə neft-qaz sektorundan kənarda da əlaqələri dərinləşdirir” - Euronews

Fransanın “Euronews” kanalı Azərbaycanla bağlı geniş məqalə yayımlayıb. “Azərbaycan Almaniya ilə neft-qaz sektorundan kənarda da əlaqələri dərinləşdirir” başlıqlı məqalənin tərcüməsini oxuculara təqdim edirik:

Hazırda Azərbaycanda istehsal, logistika və tikinti sahələrində fəaliyyət göstərən 250-dən çox Almaniya şirkəti çalışır.

Azərbaycanın Almaniya ilə münasibətləri artıq enerji sahəsinin hüdudlarını aşır. Avropa Rusiyadan asılılığı azaltmaq üçün tədarük zəncirlərini şaxələndirməyə çalışdığı bir vaxtda, iki ölkə sənaye və logistika sahələrində əməkdaşlığı daha da dərinləşdirir.

CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev bildirib ki, Azərbaycan Almaniya tərəfindən tədricən yalnız enerji daşıyıcılarının tədarükçüsü kimi deyil, eyni zamanda yeni Avrasiya sənaye-logistika memarlığının bir hissəsi kimi qəbul olunur.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ikitərəfli ticarət dövriyyəsi təxminən 1,7 milyard avroya çatıb. Buna Almaniyadan sənaye avadanlıqları, maşınlar və nəqliyyat sistemlərinin ixracı mühüm töhfə verib.

Hazırda Azərbaycanda istehsal, tikinti, logistika və energetika sahələrini əhatə edən 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir.

Bu dəyişiklik Azərbaycanın 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya birbaşa qaz tədarükünə başlamasından sonra daha da sürətlənib. Bu addım Moskvanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmağa yönəlmiş daha geniş təşəbbüsünün bir hissəsidir.

Enerjidən kənar əməkdaşlıq

Orxan Yolçuyev bildirib ki, əsas dəyişiklik ticarət göstəricilərinin özündə deyil, onların nəyi ifadə etməsindədir.

“Bu göstəricilər ikitərəfli münasibətlərin daha yüksək səviyyəli sənaye əməkdaşlığı istiqamətində inkişaf etdiyini göstərir”, – deyə o bildirib və Almaniyanın yeni ixrac bazarlarına, eləcə də daha dayanıqlı tədarük şəbəkələrinə ehtiyac duyduğunu vurğulayıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətləri yaxın gələcəkdə ölkənin bərpa proqramlarına və sənaye zonalarının genişləndirilməsinə cəlb oluna bilər. Bu, xüsusilə maşınqayırma, nəqliyyat, bərpa olunan enerji və yüksək texnologiyalı istehsal sahələrinə aiddir.

Bu dəyişikliklərin böyük hissəsi Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz nəqliyyat marşrutu üzərindən baş verir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi bu marşrutun əhəmiyyətini daha da artırıb. Çünki Avropa şirkətləri tədarük zəncirlərini mümkün pozuntulardan qorumaq üçün alternativ marşrutlar axtarırlar.

Azərbaycan bu logistika marşrutunun mərkəzində yerləşir və ölkənin dəniz və dəmir yolu əlaqələri qitələrarası nəqliyyat dəhlizində getdikcə daha böyük əhəmiyyət qazanır.

Orxan Yolçuyev bildirib ki, dəhlizin əsas üstünlüyü daşınan yüklərin həcmi ilə deyil, onların məzmunu ilə ölçülür.

“Avtomobil ehtiyat hissələri, sənaye avadanlıqları, elektrik avadanlıqları, elektronika və ya kimya məhsulları kimi yüksək əlavə dəyərə malik məhsulların payı nə qədər çox olarsa, marşrutun iqtisadi səmərəliliyi də bir o qədər yüksək olar”, – deyə o bildirib. Yolçuyev əlavə edib ki, Bakı Limanının və Ələt Azad İqtisadi Zonasının genişləndirilməsi istehsal və logistika sahələrinə yeni investisiyaları stimullaşdıran əsas amillərdəndir.

Enerji yenə də diqqət mərkəzindədir

Əməkdaşlığın miqyası genişlənsə də, energetika hələ də əsas istiqamət olaraq qalır. Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi mövqeləndirir və 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya birbaşa qaz ixrac edir.

Avropa və Amerika Araşdırmaları Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Fərid Şükürlü bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi dönüş nöqtəsi olub.

“Ənənəvi olaraq Azərbaycan ilə Almaniya arasında iqtisadi münasibətlər ağır maşınqayırma, avtomobil sənayesi və əczaçılıq da daxil olmaqla məhdud sayda sahələrdə cəmləşmişdi”, – deyə o bildirib.

“Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ikitərəfli iqtisadi münasibətləri kökündən dəyişdi”.

Fərid Şükürlünün sözlərinə görə, Almaniyaya Azərbaycan neftinin ilk tədarükündən sonrakı beş ay ərzində ölkə bu bazara 360 min 300 ton xam neft və neft məhsulları ixrac edib. Bu ixracın ümumi dəyəri təxminən 210,9 milyon ABŞ dolları (196 milyon avro) təşkil edib.

Onun fikrincə, gələcəkdə Azərbaycan Qazaxıstan nefti və Türkmənistan qazının Almaniyaya və digər Avropa bazarlarına nəqli üçün tranzit marşrutuna çevrilə bilər.

Almaniyanın bu istiqamətdə siyasətini dəyişməsi, ölkənin uzun illər Rusiya qazından asılı olması baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda İtaliya Trans-Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının Avropadakı ən böyük alıcısı olaraq qalır. Lakin Almaniya da eyni istiqamətdə irəliləyir.

Almaniyanın Maynts-Bingen rayonuna daxil olan Şprendlinqen-Genzingen bələdiyyəsinin meri Manfred Şerer Azərbaycanın hazırkı energetika naziri Pərviz Şahbazovun Almaniyada səfir işlədiyi dövrdə onunla görüşünü xatırlayıb.

“Son illərdə Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər müsbət istiqamətdə inkişaf edir. Əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün böyük potensial mövcuddur”, – deyə Şerer bildirib.

“Azərbaycanın Almaniyadakı səfiri kimi fəaliyyət göstərdiyi dövrdə hazırkı energetika naziri Pərviz Şahbazovun bələdiyyəmizə səfəri ilə bağlı çox xoş xatirələrim qalıb”, – deyə o davam edib.

“Həmin vaxt biz bələdiyyələr arasında tərəfdaşlıq vasitəsilə münasibətlərimizin dərinləşdirilməsi və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etmişdik”.

Avropada daha geniş geosiyasi dəyişikliklər

Almaniyanın bu istiqamətdə atdığı addımlar Avropanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşması istiqamətində daha geniş tendensiyanın tərkib hissəsidir. Bu proses qismən Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dəstək məqsədi daşıyır və gələcəkdə enerji mənbələrinin daha da şaxələndirilməsinə, həmçinin regional əlaqələrin genişlənməsinə töhfə verə bilər.

Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı xeyli artıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Azərbaycanla tərəfdaşlıq “Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır” və “real inkişaf mərhələsinə qədəm qoyub”.

Avropa Şurasının Prezidenti Antonio Koşta Avropa İttifaqının xarici tərəfdaşlarla əməkdaşlığının dərinləşdirilməsi məsələsini müzakirə etmək üçün Bakıya səfər edib. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da may ayında Bakıda olub.

İtaliyanın Baş naziri Corca Meloni və Slovakiya Prezidenti Peter Pelleqrini də Prezident İlham Əliyevlə yüksək səviyyəli danışıqlar aparıblar.

Son xəbərlər
Bütün xəbərlər »