Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sofulu və Bərxudarlı yenidən niyə gündəmdədir?
Sofulu və Bərxudarlı yenidən niyə gündəmdədir?

Ermənistanda Sofulu və Bərxudarlı kəndləri ətrafında yenidən alovlanan müzakirələr göstərir ki, eksklavlar məsələsi artıq təkcə sərhəd delimitasiyası mövzusu deyil. Xüsusilə keçmiş ombudsman Arman Tatoyanın açıqlamaları Ermənistan daxilində bu ərazilərin təhlükəsizlik, kommunikasiya və geosiyasi balans baxımından necə qiymətləndirildiyini ortaya qoyur. Bəs bu narahatlıq hüquqi reallıqlardan, yoxsa regionda formalaşan yeni siyasi konfiqurasiyadan qaynaqlanır?

  • Sofulu və Bərxudarlı məsələsinin yenidən gündəmə gətirilməsi sərhədin delimitasiyası prosesinə təsir göstərmək cəhdidir, yoxsa Ermənistanın gələcək kommunikasiya layihələri ilə bağlı narahatlığının açıq etirafıdır?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sofulu və Bərxudarlı kəndləri ətrafında aparılan müzakirələr göstərir ki, Ermənistanda eksklavlar mövzusu artıq sırf texniki sərhəd delimitasiyası məsələsi kimi qəbul edilmir. Bu debatlar, əslində, regionda formalaşan yeni geosiyasi reallığın Ermənistan siyasi elitası tərəfindən necə dərk edildiyini nümayiş etdirir. Keçmiş ombudsman Arman Tatoyan kimi şəxslərin təhlükəsizlik arqumentlərini ön plana çıxarması göstərir ki, narahatlığın əsas mənbəyi hüquqi statusdan daha çox dəyişən regional güc balansıdır.

“Beynəlxalq hüquq baxımından Azərbaycanın eksklavları ilə bağlı mövqeyi aydındır və tarixi-hüquqi sənədlərə söykənir. Delimitasiya prosesi də məhz bu prinsiplər əsasında aparılmalıdır. Bu baxımdan, məsələnin müxtəlif təhlükəsizlik ssenariləri ilə siyasiləşdirilməsi hüquqi müstəvidən uzaqlaşmaq və daxili auditoriyaya hesablanmış siyasi ritorika təsiri bağışlayır”, – deyə politoloq bildirib.

O vurğulayıb ki, digər tərəfdən, Ermənistan anlayır ki, regionda nəqliyyat-kommunikasiya xəritəsi sürətlə dəyişir. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni logistika marşrutları, Orta Dəhlizin artan əhəmiyyəti və Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkəsində yüksələn rolu İrəvanı yeni reallıqla hesablaşmağa məcbur edir. Sofulu və Bərxudarlı ətrafında yaradılan həssaslıq da müəyyən mənada gələcək kommunikasiya layihələrinin hansı hüquqi və siyasi çərçivədə reallaşacağı ilə bağlı narahatlığın təzahürüdür.

Politoloqun fikrincə, əslində Ermənistanın əsas dilemması sərhəd deyil, yeni regional düzəndə öz yerini müəyyənləşdirməkdir. Çünki Azərbaycan postmünaqişə dövründə hərbi qələbəni siyasi və diplomatik üstünlüyə çevirməyi bacarıb, delimitasiya və demarkasiya prosesinin beynəlxalq hüquq əsasında aparılmasını ardıcıl şəkildə müdafiə edib. Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatlarından biri kimi qəbul olunur.

Tural İsmayılov hesab edir ki, məhz buna görə də Sofulu və Bərxudarlı məsələsinin yenidən gündəmə gətirilməsi delimitasiya prosesini ləngitmək və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu cür yanaşmalar reallığı dəyişmir.

“Regionda yeni siyasi konfiqurasiyanı formalaşdıran əsas amillər Azərbaycanın yaratdığı geosiyasi və iqtisadi üstünlük, beynəlxalq hüquqa söykənən mövqeyi və sülh gündəmini ardıcıl şəkildə irəli aparmasıdır. Ermənistan gec-tez anlayacaq ki, davamlı təhlükəsizlik süni narahatlıqlar yaratmaqdan deyil, hüquqi öhdəliklərə əməl etməkdən, sərhədlərin qarşılıqlı tanınmasından və regional əməkdaşlıq platformalarına konstruktiv şəkildə qoşulmaqdan keçir. Bu isə həm Cənubi Qafqazın gələcəyi, həm də Ermənistanın öz inkişaf perspektivləri üçün ən rasional seçimdir”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »