Rusiyanın Krasnoyarsk diyarında arıların kütləvi şəkildə məhv olması qeydə alınıb. Faktla bağlı prokurorluq araşdırmaya başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə nəzarət qurumunun nümayəndələri məlumat veriblər.
Daha əvvəl KİV-də yayılan məlumatlara görə, Bolşemurtinski-Suxobuzimski bələdiyyə dairəsində qonşu ərazilərdə güclü təsirə malik pestisidlərin tətbiqi nəticəsində təxminən 30 milyon arı tələf olub.
“Baytarlıq nəzarəti xidməti arıları götürüb və ekspertiza təyin edilib. Ekspertizanın nəticələrinə əsasən arıların ölüm səbəbi müəyyənləşdiriləcək (proses 2-3 həftə davam edə bilər). Reaksiya tədbirləri ilə bağlı qərar araşdırma başa çatdıqdan sonra veriləcək”, – deyə qurumun nümayəndəsi bildirib.
Nəzarət orqanı tələf olan arıların dəqiq sayını açıqlamayıb. Bildirilib ki, bölgənin baytarlıq nəzarəti xidmətinə həşəratların məhv olması ilə bağlı 22 fermer müraciət edib.
2026-cı ilin aprelində Sibir Federal Universitetinin Ekologiya və Coğrafiya İnstitutunun direktoru Ruslan Şarafutdinov ölkə mətbuatına müsahibəsində pestisidlərdən istifadə praktikasına yenidən baxılmasının və onların tətbiqinə nəzarətin sərtləşdirilməsinin vacibliyini qeyd edib.
Ekspertin sözlərinə görə, son beş il ərzində Krasnoyarsk diyarında on milyonlarla arı tələf olub. Arıların kütləvi ölümü Balaxtinski, Yemelyanovski, Dzerjinski və Boqotolski rayonlarında da qeydə alınıb. O vurğulayıb ki, bu vəziyyət dünyada müşahidə olunan ekoloji böhranın bir hissəsi ola bilər.
Bizimyol.info






