ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın enerji siyasətini sərt tənqid edib. Bu, Leyboristlər Partiyasının lideri Endi Börnemin hakimiyyətə gəlməsindən sonra baş verib. Börnemin iyulun 20-də baş nazir vəzifəsinə rəsmi şəkildə başlaması gözlənilir.
Bizimyol.info xəbər verir ki, Tramp açıqlamasında Böyük Britaniyanı “kasıb, fəlakət içində olan ölkə” adlandırıb və yeni hökuməti Şimal dənizindəki neft yataqlarının genişmiqyaslı işlənməsinə başlamağa çağırıb.
ABŞ liderinin sözlərinə görə, bu yataqların tam mənimsənilməsi Böyük Britaniyanı “dünyanın ən zəngin ölkələrindən birinə” çevirə bilər. O bildirib ki, regionda neft ehtiyatları yüz illər üçün kifayət edə bilər və onların böyük hissəsi hələ də araşdırılmayıb.
Tramp, həmçinin Böyük Britaniyanın Norveçdən neft almasını tənqid edərək, bu siyasəti “məntiqsiz” adlandırıb.
ABŞ Prezidenti ayrıca Şotlandiyanın Aberdin şəhəri yaxınlığında yerləşən külək elektrik stansiyalarına qarşı çıxıb. Onun fikrincə, külək turbinləri bölgənin görünüşünü korlayır və hakimiyyət onları sökə bilər.
“Böyük Britaniyanın böyük potensialı var, amma hər şey Şimal dənizində neft hasilatının yenidən açılması ilə başlayır. Biz səni sevirik, Şotlandiya”, — deyə Tramp yazıb.
Trampın son cümləsi müşahidəçilərin diqqətini çəkib. Bu ifadə Şotlandiyanın müstəqilliyi ilə bağlı artan müzakirələrə mümkün işarə kimi qiymətləndirilib.
Bizimyol.info






