Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kimlər ölkəni tərk etməzdən əvvəl hüquqi məsləhət almalıdır?
Kimlər ölkəni tərk etməzdən əvvəl hüquqi məsləhət almalıdır?

Sosial şəbəkələr vasitəsilə yüksək məbləğ təklif edərək 18 yaşdan 38 yaşa qədər olan qadınları surroqat analığa cəlb edirlər. TikTok sosial platformasında canlı yayımlar açılaraq qadınlar bu prosesə dəvət edilir. Onlara yüksək məbləğdə ödəniş, bilet xərci, aylıq təminat kimi vədlər verilir. Həmçinin bu prosesin qanuni şəkildə aparıldığını və notariusda müqavilə bağlandığını bildirirlər. Bu kimi təkliflərlə razılaşmayanlar da, bunun təhlükəli və qorxulu olduğunu bildirənlər də var. Qarşı tərəf isə buna adi yanaşmağı və prosesin qanuni şəkildə həyata keçirildiyini vurğulayır.

  • Surroqat analıq təklifi alan şəxslər bu prosesdə nələrə diqqət etməlidirlər, nədən ehtiyat etməlidirlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, belə təklifin etibarlılığı araşdırılmalıdır: “Surroqat analıq tibbi prosedur olmaqla yanaşı, ailə, mülki və beynəlxalq xüsusi hüquq normalarını əhatə edən mürəkkəb hüquqi münasibətdir. Sosial şəbəkələr vasitəsilə xarici ölkələrdə, xüsusilə Gürcüstanda surroqat ana olmaq üçün yüksək məbləğlər vəd edilərək qadınların cəlb edilməsi hallarında hüquqi təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir.

İlk növbədə, belə təklif edən şirkətin və ya vasitəçinin rəsmi qeydiyyatı, fəaliyyət göstərmək səlahiyyəti və etibarlılığı araşdırılmalıdır. Sosial şəbəkələrdə verilən elanlar və şifahi vədlər hüquqi təminat yaratmır. Bütün öhdəliklər yazılı müqavilədə aydın şəkildə əks olunmalı, müqavilə imzalanmazdan əvvəl hüquqşünas tərəfindən təhlil edilməlidir”.

Hüquqşünas deyib: “Müqavilədə ödənişin məbləği və qaydası, tibbi xidmətlərin və dərman xərclərinin kim tərəfindən qarşılanacağı, hamiləlik dövründə yaşayış və sığorta təminatı, gözlənilməz tibbi ağırlaşmalar zamanı məsuliyyət, habelə doğuşdan sonra tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Xüsusilə, ödənişlərin hansı hallarda dayandırıla biləcəyi və ya müqavilənin ləğvi zamanı tərəflərin məsuliyyəti diqqətlə öyrənilməlidir”.

Elnur Məmmədov vurğulayıb ki, surroqat analıq münasibətləri müxtəlif ölkələrdə fərqli hüquqi qaydalarla tənzimlənir: “Buna görə də prosesin həm xidmətin göstərildiyi ölkənin, həm də zərurət yarandıqda uşağın və valideynlərin hüquqi statusuna təsir edə biləcək digər ölkələrin qanunvericiliyinə uyğunluğu əvvəlcədən qiymətləndirilməlidir. Əks halda, valideynlik hüququnun rəsmiləşdirilməsi, uşağın qeydiyyatı, vətəndaşlıq və ölkədən çıxışı ilə bağlı hüquqi problemlər yarana bilər”.

Elnur Məmmədov əlavə edib: “Surroqat analıqla bağlı yüksək məbləğ vədləri hüquqi təhlükəsizliyin təmin olunduğu anlamına gəlmir. Belə təklif alan şəxslər hər hansı sənəd imzalamazdan və ya ölkəni tərk etməzdən əvvəl müstəqil hüquqi məsləhət almalı, müqavilənin bütün şərtlərini diqqətlə qiymətləndirməli və yalnız qanuni, şəffaf prosedurlar çərçivəsində qərar verməlidirlər”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »