Surroqat analıqla bağlı müxtəlif reklamlar sosial mediada yaradılan səhifələr vasitəsilə yayımlanır. Canlı yayımlar açaraq qadınları bu işə cəlb edirlər və bildirirlər ki, bu proses Gürcüstanda, Tbilisidə xəstəxana tərəfindən həyata keçirilir. Bununla bağlı sosial şəbəkə vasitəsi ilə yüksək məbləğ təklif edərək 38 yaşa qədər olan qadınları cəlb edirlər. Eyni zamanda onlara bilet pulu, aylıq maaş və s. vəd verirlər. Dünyaya gələn uşağı bioloji ata-anaya verib, həmin surroqat ananı da ölkəsinə göndərirlər. Əvvəllər bu məsələ daha çox gizli şəkildə həyata keçirilirdi. İndi isə sosial mediada canlı yayımlar açaraq insanlara çağırış edirlər.
- Qadınların bu sahəyə cəlb olunması hansı risklər yarada bilər?
Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Naib Niftəliyev bildirib ki, cəmiyyət bu məsələlərə mümkün qədər mühafizəkar mövqe ilə yanaşır: “Hər kəs öz ailəsini, tərəf müqabilini, həyat yoldaşını, xanımını öz dəyərlərinə, mental və ailə dəyərlərinə uyğun bir şəxs kimi görmək istəyir. Qarşılıqlı nikahların və xaricilərlə ailə quranların sayı Azərbaycanda artıb. Hətta müəyyən mənada bu, əhalinin təxminən 1/4-i, 1/3-i arasında dəyişən bir göstərici təşkil edir. Belə insanların sayı minlərlədir.
Buna baxmayaraq, cəmiyyət bu məsələlərə mümkün qədər mühafizəkar, ehtiyatlı, hətta bəzi hallarda qəbuledilməz mövqe ilə yanaşır. Bu, cəmiyyətin bir xüsusiyyətidir. Cəmiyyət də müəyyən mənada haqlıdır. Hər kəs yenilik istəyir, hər kəs bu məsələləri az və ya çox dərəcədə başa düşür, empatiya göstərir. Amma qəbul etmək məsələsinə gəldikdə, cəmiyyət üçün bir norma və dəyər olaraq surroqat analıq institutu, yaxud hər hansı bir ananın surroqat ana kimi kiminsə övladını daşıyıb ona həyat verməsi məsələsi qəbulolunmaz görünür”.
Naib Niftəliyev vurğulayıb: “Bu, müəyyən hallarda məcburi addım kimi qəbul edilsə belə, Azərbaycan cəmiyyəti üçün səciyyəvi və xarakterik bir hal deyil. Təbii ki, məsələ Gürcüstandan gedirsə, bəzi insanlar bu yolu Gürcüstan vasitəsilə həll etməyə çalışırlar. Amma Gürcüstan cəmiyyətinin özündə də bu məsələ kifayət qədər mürəkkəbdir və müxtəlif milli-dini icmaların birgə yaşayışı ilə yanaşı, müəyyən qurucu dövlət etnosunun bəzən açıq təzyiqi və ya dil-mədəniyyət məsələləri ilə bağlı digər xalqların nümayəndələrinə müəyyən təsirlər göstərməsi faktları var. Yəni Azərbaycan icmasının nümayəndələri bundan hər zaman narazı olmasalar da, müəyyən məsələlərdə bu təzyiqi hiss edirlər. Məsələn, yer adları, məkan adları və ya hər hansı ünsiyyət məsələlərində bu və ya digər formada müəyyən təsirlər müşahidə olunur. Bəzən isə bu amillər həmin cəmiyyət daxilində müəyyən gərginlik, anlaşılmazlıq və narazılıq elementlərinin yaranmasına səbəb ola bilir”.
Sosioloqun sözlərinə görə, Gürcüstanda kimlərsə bunu müəyyən bir biznesə çevirib: “Bu məsələdə müqayisə və ayrı-seçkilik bir qədər hiss olunur. Azərbaycan cəmiyyətinin bu məsələdə fəallığı və mövqeyi çox önəmlidir. Surroqat analıq faktoru ola bilər ki, Gürcüstanda kimlərsə bunu müəyyən bir biznesə çevirib, qanuni şəkildə faydalanırlar. Amma Azərbaycanda bu məsələ keçərli və adekvat deyil. Düşünürəm ki, mümkün qədər bu məsələdə cəmiyyətin tutduğu mövqe ilə hesablaşmaq və ehtiyac olmadıqca, istisna hallar çıxmaq şərtilə, bu normativi qəbul etməzdən əvvəl gələcəyini də düşünmək lazımdır. Çünki sonradan həmin uşağın taleyi, onun vəziyyəti, gələcəyi ilə bağlı surroqat analığı tətbiq edən tərəf qəbul etsə belə, müəyyən suallar, çətinliklər, hətta emosional bağlılıq və fiziki sağlamlıq baxımından bir çox məsələlər ortaya çıxa bilər.
Öz doğma anasından qoparılan övladın, şərti olaraq faktiki anası olmayan, övladlığa götürülmüş və atası eyni şəxs olan və ya anası başqa bir şəxs olan uşağın sonrakı taleyi ilə bağlı da bəzi suallar yaranır. Düzdür, adətən böyük problemlər olmur. Bu məsələlərdə həmin ailə uşağı doğma övladı kimi qəbul edir. Ancaq fakt da var ki, ana yad olur, yaxud istənilən halda həmin isti münasibəti tam daşıya bilmir və sonradan ana olan bəzi insanlar həmin övladı çıxdaş edir, ailədə müəyyən təzyiq vəziyyətinə gətirə və problemli situasiya yarada bilirlər. Belə faktlar, belə hallar kifayət qədərdir. Amma normal həyatını övladı ilə davam etdirən ailələr də var. Bu, proqnozlaşdırılması çətin, mürəkkəb bir situasiyadır. Ona görə də bu kimi məsələlər cəmiyyətdə ictimai qınaq doğura bilir”.
Naib Niftəliyevin sözlərinə görə, qonşu ölkələrdə də bu məsələlərə yanaşma təxminən eynidir: “İnsan, təbii ki, müəyyən mənada hansısa uşağı övladlığa götürə bilər. Amma burada iki əsas səbəb insanlara mane olur. Birincisi, hər kəs öz ata tərəfi, öz genindən olan şəxsin ailəyə daxil olmasını və nəslin davam etməsini istəyir. Bu, bir mental xüsusiyyətdir. Hətta qonşu ölkələrdə də bu məsələlərə yanaşma təxminən eynidir. Rusiya, İran, Türkiyə, Ermənistan kimi ölkələrdə də mental baxımdan oxşar yanaşmalar mövcuddur. Təbii ki, Orta Asiya ölkələrində də vəziyyət təqribən eynidir.
İkinci səbəb isə ondan ibarətdir ki, övladlığa götürən şəxs bəzən tərəflərin hər ikisi üçün uşağı tanımadıqlarına, onun keçmişi barədə məlumatlarının olmadığına və ya imkanlarının məhdud olduğuna görə düşünür ki, gələcəkdə arzulamadıqları bir şəxslə bağlı problem yaşaya bilərlər. Belə hallar səciyyəvi deyil, ancaq bəzi hallarda baş verir.
Bu mənada riskləri müəyyən mənada azaltmaq üçün surroqat analığı seçənlərin sayı nisbətdə daha üstünlük təşkil edir. İmkanı olan insanlar belə mürəkkəb vəziyyətdə bunu edirlər. Yəni əsas səbəblər sırasında bunları qiymətləndirmək gərəkir”.
Naib Niftəliyev əalvə edib: “Təbii ki, arzuediləndir ki, ailə modeli işlək vəziyyətdə olsun. Azərbaycanda bu modelə daha çox önəm verilir. Amma birbaşa olmasa belə, dolayı vasitələrlə surroqatlıq prinsipindən istifadə edənlər və ya, deyək ki, şərti olaraq hansısa bir xanımı tərəf müqabili kimi seçib, ondan övlad dünyaya gətirənlər, yaxud müəyyən mənada qeyri-rəsmi münasibətdə olan ikili münasibətləri mənəvi dəyərlər baxımından obyektiv və ya subyektiv səbəblərlə qanuniləşdirənlər də var.
Kimlərsə bundan faydalanır, kimlərsə isə belə bir vəziyyətdən sui-istifadə edir. Kimlərsə də gerçəkdən buna ehtiyac duyaraq belə bir vəziyyətdə bənzər addım atılır”.
Günel Həsənova, Bizimyol.info






