Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hücumlarının ölkədə neft məhsullarının təminatına müəyyən təsir göstərdiyini etiraf edib. Onun sözlərinə görə, hazırda benzinlə bağlı bəzi problemlər mövcud olsa da, vəziyyətin mərhələli şəkildə normallaşacağı gözlənilir.
Putin eyni zamanda Rusiyanın enerji bazasının güclü və etibarlı olaraq qaldığını vurğulayıb.
- Ukraynanın enerji infrastrukturuna yönəlmiş hücumları Rusiyanın yanacaq bazarına və enerji təhlükəsizliyinə uzunmüddətli perspektivdə hansı təsirləri göstərə bilər?
- Bu etiraf ictimai inama və cəbhədəki döyüş motivasiyasına necə təsir edəcək?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın son dövrlər Rusiyanın enerji və yanacaq sektoruna endirdiyi intensiv zərbələr öz təsirini göstərməkdədir. Rusiya neft emalı gücünün və yanacaq istehsalının təxminən 43 faizini itirib.
“Bu, hələ son deyil. Kiyev Moskvanı tam çökdürməklə hədələyib və hava zərbələrini davam etdirir. Rusiyanın yanacaq qıtlığı ilə üzləşdiyi artıq etiraf olunur və Putin bunu dilə gətirmək məcburiyyətində qalıb. Böhranı aradan qaldırmaq üçün Qazaxıstandan və Belarusdan benzin idxalı da heç nəyi dəyişməyib. Kreml hələ ki, prosesləri nizamlamaqda acizdir, neft emalı zavodlarını və yanacaq rezervlərini etibarlı şəkildə qoruya bilmir. Bu isə nəticə etibarilə həm sosial-iqtisadi çətinliklərə, həm istehsala, həm də bahalaşmaya öz təsirini göstərməkdədir. Cəmiyyətdəki narazılıqlar sosial etirazlara gətirib çıxarmaqdadır. Əvvəllər böyük şəhərlər öz ahəngi ilə yaşayırdısa, artıq bu ahəng pozulur və müharibə Rusiyada hiss olunmaqdadır. Prezident milli cəbhə elan edərək ölkənin resurslarını müharibəyə cəlb etsə də, bu resurslar uzun müddət tab gətirə bilməz”, - deyə o bildirib.
Politoloqun fikrincə, rus xalqı Ukrayna ilə aparılan bu, onun sözləri ilə desək, "ağılsız müharibə"yə uzun müddət susub qalmayacaq. Bunu anlayan Putin xalqın vətənpərvərlik hissləri ilə manipulyasiya etmək üçün xarici düşmən obrazı yaradır və Rusiyaya təhlükə olduğu təəssüratını formalaşdırmağa çalışır. Onun ictimaiyyət nümayəndələri ilə təmasları və verdiyi açıqlamalar da bu işartıları verir.
Əli Orucov hesab edir ki, beş ilə yaxın davam edən müharibədə balansın Kiyevin xeyrinə dəyişməsi də ciddi faktordur. Rusiya işğal etdiyi Krımı qoruya bilmir, əhali sürətlə yarımadanı tərk edir. Yəni müharibənin bu cür gedişatı həm cəbhədə, həm də Rusiyanın özündə ruh düşkünlüyü yaradıb: “Kreml ya kompromisə gedərək artıq qan tökülməsini və dağıntıları dayandırmalı, yaxud da öz ağılsız ambisiyalarının girovuna çevrilib məhvə məhkum olmalıdır. Birinci yol daha uyğundur”.
İradə Cəlil, Bizimyol.info






