2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 556 ton yaşıl çay yarpağı yığılıb. Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 ton və ya 11,5% çoxdur.
Toplanan məhsulun 548,4 tonu və ya ümumi həcmin 98,6%-i Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb. Bu bölgədə yaşıl çay yarpağı yığımı illik müqayisədə 11,6% artıb.
Rayonlar üzrə ən yüksək göstərici 290,3 tonla Astarada qeydə alınıb. Bununla belə, Astara rayonunda məhsul yığımı ötən ilin eyni dövrünə nisbətən 4,4% azalıb. Lənkəran rayonunda isə yaşıl çay yarpağı istehsalı 42,4% artaraq 230,3 tona yüksəlib. Masallı rayonunda yığım 6,9% artımla 27,8 ton təşkil edib.
Şəki-Zaqatala iqtisadi rayonunda 7,6 ton yaşıl çay yarpağı yığılıb ki, bu da illik müqayisədə 2,7% artım deməkdir. Bölgədə bütün məhsul Zaqatala rayonunun payına düşüb.
- Azərbaycanda çayçılığın inkişafını artırmaq olarmı?
- Yerli çay istehsalı idxalı azalda bilərmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, SSRİ dövründə Azərbaycanda çayçılıq ən yüksək inkişaf səviyyəsinə çatmışdı: “Azərbaycanın çayçılıq potensialı indiki istehsaldan xeyli böyükdür. Bununla belə, bunun reallaşması üçün yeni plantasiyalar, məhsuldarlığın artırılması və emal güclərinin genişləndirilməsi vacibdir.
1980-ci illərin sonlarında, SSRİ dövründə Azərbaycanda çayçılıq ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Həmin dövrdə ölkədə çay plantasiyalarının ümumi sahəsi təxminən 13,4 min hektar idi və ildə 34,5 min ton yaşıl çay yarpağı istehsal edilirdi. O zaman yerli istehsal ölkənin çay tələbatının 65-70 faizini ödəyirdi.
2018-2027-ci illəri əhatə edən dövlət proqramında bildirilir ki, aparılmış aqrar tədqiqatlara əsasən Azərbaycanda təxminən 21 min hektar ərazi çay becərilməsi üçün yararlıdır. Bu isə sovet dövründə istifadə olunan sahədən təxminən 7,6 min hektar çoxdur”.
Akif Nəsirli deyib: “Müstəqillik illərində çayçılıq kəskin gerilədi. 2010-cu ildə plantasiyaların sahəsi cəmi 587 hektara, istehsal isə 545 tona düşmüşdü. Sonrakı illərdə müəyyən bərpa prosesi başlasa da, 2024-cü ildə faktiki plantasiyaların sahəsinin təxminən 900 hektar olduğu bildirilir. Bu, dövlət proqramında nəzərdə tutulan 3 min hektarlıq hədəfdən xeyli geri qalır”.
Akif Nəsirlinin sözlərinə görə nəzəri baxımdan istehsal potensialını hesablamaq mümkündür.
“Əgər sovet dövründəki məhsuldarlıq - təxminən hər hektardan 2,5-2,6 ton yaşıl çay yarpağı - qorunsa, 21 min hektarlıq potensial sahədə illik istehsal 50-55 min tona çata bilər. Müasir aqrotexnologiyalar, yüksək məhsuldar tinglər və damcı suvarma tətbiq edilərsə, orta məhsuldarlığın daha da yüksəlməsi mümkündür. Bu halda istehsalın 60 min tona yaxınlaşması nəzəri baxımdan real görünür. Lakin bunun üçün böyük investisiyalar, ixtisaslı işçi qüvvəsi və uzunmüddətli dövlət-özəl sektor əməkdaşlığı tələb olunur”.
Akif Nəsirli vurğulayıb ki, yeni plantasiyaların salınması üçün əsas ehtiyat Lənkəran -Astara zonasında cəmləşib: “Hazırda Azərbaycanın əsas üstünlüyü Lənkəran-Astara zonasının unikal rütubətli subtropik iqlimidir. Bu region ölkədə istehsal olunan yaşıl çay yarpağının 98 faizdən çoxunu verir. Yeni plantasiyaların salınması üçün də əsas ehtiyat məhz bu iqtisadi rayonda cəmləşib. Şəki-Zaqatala zonasında isə istehsalın genişləndirilməsi mümkündür, lakin iqlim şəraiti cənub bölgəsi qədər əlverişli deyil”.
Akif Nəsirli əlavə edib: “Yalnız plantasiyaların sahəsini artırmaq kifayət etmir. Əsas məsələ məhsuldarlığın yüksəldilməsi, emal müəssisələrinin sayının artırılması, yüksək keyfiyyətli premium çay istehsalı və ixrac bazarlarının genişləndirilməsidir. Əks halda istehsal artsa belə, iqtisadi səmərəlilik aşağı qala bilər. Azərbaycanda çayçılığın gələcəyi kəmiyyətlə yanaşı, keyfiyyət və brend dəyərinin artırılmasından da asılı olacaq”.
Günel Həsənova, Bizimyol.info






