Orta sahibkarlıq çətin günlərini keçirir. Xüsusilə şəhər mərkəzində iaşə obyektlərinin icarədarı olmaq asan deyil. Turist sayının, üstəlik, əhalinin real gəlirlərinin azalması qazancda özünü göstərir. Bunun nəticədirir ki, şəhər mərkəzində icarəyə verilən obyektlərin sayı artıb. Adi gözlə müşahidə də bunu deyir.
Bizimyol.info xəbər verir ki, Nizami küçəsində və bura yaxın ərazilərdə kafe-restoran şəbəkəsi üçün xeyli yer tapmaq mümkündür. İslam Səfərli küçəsində həmişə italyan mətbəxinə müraciət edən restoran fəaliyyətini dayandırır. Obyekt icarəyə verilir. Restoran hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Hazır biznes 95 min manata təklif olunur. Aylıq icarə üçün isə 2500 manat ödəmək lazımdır.
Nizami küçəsində “Sky” adı ilə fəaliyyət göstərən iaşə obyekti də icarəyə verilir. Restoranın sahəsi kiçik olmasa da, icarə haqqı uyğundur. Cəmi 1500 manat ödəməklə restoranın növbəti icarədarı olmaq mümkündür. Hazır biznesi almaq da olar.
Xaqani bağının yanında italyan restoranı kimi fəaliyyət göstərən obyekt də eyni taleyi yaşayır. Elanda aylıq gəlirin 5 min manat olduğu iddia edilir. Obyekt 1 milyon manata satışa çıxarılıb.
Sosial mediada yazırlar ki, bu obyektlərin qısa zamanda icarədar dəyişməsi və ya satışa çıxması elə-belə deyil. Müştəri çatışmazlığı, gəlir azlığı özünü göstərir. Elanlarda nə qədər vəziyyətin qaydasında olduğu bildirilsə də, sahibkarların ciddi çətinliklə üz-üzə qalması sirr deyil.
Metronun “Nizami”, “28 May”, “Elmlər akademiyası” stansiyalarının ətrafında da icarə üçün obyekt təklifi çoxdur. Belə görünür, gəlirlərin istənilən səviyyədə olmaması icarədarların tez-tez dəyişməsinin əsas səbəbidir.
Şəhərin mərkəzində icarəyə verilən gözəllik salonlarının çoxluğu da diqqət çəkir. Yəqin bu istiqamətdə xərc borcu heç ödəmir. Elə dönərxanalar haqqında da bunu demək olar. İcarəyə verilən belə kiçik yerlərin sayı az deyil.
Aytən, Bizimyol.info






