Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin yox, Mişustin: Bu diplomatik detalın arxasında hansı mesaj dayanır?
Putin yox, Mişustin: Bu diplomatik detalın arxasında hansı mesaj dayanır?

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri Moskva–İrəvan münasibətlərində diqqətçəkən diplomatik mesajlarla yadda qaldı. Bu dəfə onun Rusiya prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə görüşməsi Kremlin İrəvana münasibətində dəyişiklik baş verdiyi barədə müzakirələri gücləndirdi. Eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda bu səfər iki ölkə arasındakı münasibətlərin gələcək istiqaməti ilə bağlı yeni suallar doğurdu.

  • Paşinyanın Putinlə deyil, Mişustinlə görüşməsi və Ermənistanın Qərblə inteqrasiyanı sürətləndirməsi Moskvanın İrəvana münasibətində hansı siyasi dəyişikliklərin baş verdiyini göstərir?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın Moskva səfərinin əsas siyasi mesajı Rusiya-Ermənistan münasibətlərinin əvvəlki strateji müttəfiqlik modelindən daha praqmatik və məhdud əməkdaşlıq mərhələsinə keçməsidir.

Onun sözlərinə görə, Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə görüşməsi təsadüfi diplomatik detal deyil, Kremlin İrəvana verdiyi siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu, Rusiyanın Ermənistanla münasibətləri tamamilə qoparmaq niyyətində olmadığını, lakin artıq İrəvanı əvvəlki səviyyədə prioritet tərəfdaş kimi qəbul etmədiyini göstərir.

"Son illərdə Ermənistanın Avropa İttifaqı və ABŞ ilə siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi, KTMT-də faktiki passiv mövqe tutması və Rusiya təsirindən mərhələli şəkildə uzaqlaşmağa çalışması Moskvanın İrəvana münasibətinə ciddi təsir göstərib. Kreml anlayır ki, Ermənistan xarici siyasətdə balansı Qərbin xeyrinə dəyişməyə çalışır. Buna görə də Rusiya münasibətləri emosional müttəfiqlik formatından çıxararaq onları daha çox iqtisadi və texniki əməkdaşlıq çərçivəsində saxlamağa üstünlük verir.

Bununla yanaşı, Moskva Ermənistanı tamamilə itirmək də istəmir. Çünki Cənubi Qafqaz Rusiyanın strateji maraqlarının cəmləşdiyi region olaraq qalır. Bu səbəbdən Kreml sərt qarşıdurmadan daha çox gözləmə mövqeyinə və regiondakı təsir imkanlarını qoruma strategiyasına üstünlük verir. Mişustinlə keçirilən görüş də məhz iqtisadi əməkdaşlığın və praktiki əlaqələrin davam etdirilməsi mesajı kimi qiymətləndirilə bilər", – deyə politoloq bildirib.

Elman Telmanoğlunun fikrincə, Paşinyanın son Moskva səfərini Rusiya-Ermənistan münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi təqdim etmək hələ tezdir. Daha düzgün qiymətləndirmə ondan ibarətdir ki, tərəflər münasibətlərin yeni formatını formalaşdırmağa çalışırlar.

"Əgər əvvəllər münasibətlər siyasi etimad və təhlükəsizlik ittifaqı üzərində qurulurdusa, hazırda qarşılıqlı maraqların məhdud şəkildə kəsişdiyi sahələr ön plana çıxır. Yəni tərəflər əməkdaşlığı davam etdirirlər, lakin əvvəlki strateji yaxınlıq səviyyəsi artıq mövcud deyil.

Hazırkı mərhələdə Moskva Ermənistanın Qərblə inteqrasiyasını diqqətlə izləyir və bu prosesin hansı həddə qədər davam edəcəyini qiymətləndirir. Əgər İrəvan gələcəkdə Avropa İttifaqı ilə inteqrasiyanı daha da dərinləşdirər və təhlükəsizlik sahəsində də Rusiyadan uzaqlaşma siyasətini davam etdirərsə, iki ölkə arasındakı siyasi məsafə daha da artacaq. Əksinə, Ermənistan iqtisadi və regional reallıqları nəzərə alaraq balans siyasətini qorumağa çalışarsa, münasibətlər tam qırılmadan praqmatik əməkdaşlıq formatında davam edə bilər", – deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »