Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağ çörəkdən imtina etməyin vaxtıdır” - Diyetoloqdan çağırış
“Ağ çörəkdən imtina etməyin vaxtıdır” - Diyetoloqdan çağırış

Ən zərərli çörək növü açıqlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə diyetoloqlar Adriana Kastro və Loren Harris-Pinkus danışıb.

Mütəxəssislərin sözlərinə görə, ən zərərli çörək ağ çörəkdir. Bu məhsul yüksək sortlu, incə üyüdülmüş undan hazırlanır.

Adriana Kastro bildirib ki, belə unun tərkibində kəpək və buğda rüşeymi olmadığından, lif və tam taxılda olan bir çox faydalı qida maddələrinin miqdarı xeyli azalır.

“Adətən rafinə olunmuş undan hazırlanan adi ağ çörəyin istifadəsini tövsiyə etmirəm. Çünki onun tərkibində qan şəkərinin səviyyəsini yüksəldə bilən çoxlu karbohidrat var”, - Loren Harris-Pinkus vurğulayıb.

Diyetoloqlar xüsusilə tərkibinə şəkər və ya qarğıdalı siropu əlavə edilən ağ çörəyi daha zərərli hesab edirlər. Onların sözlərinə görə, belə məhsullarda lif demək olar ki, yoxdur, lakin kalorisi yüksəkdir. Bu isə çəki artımına və nəticədə maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. (Ölkə.az)

Ağ çörəyin həddindən artıq istifadəsi orqanizmə hansı təsirləri göstərə bilər?

  • Çörək seçərkən nələrə diqqət etmək lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan tanınmış həkim diyetoloq, Anti age üzrə mütəxəssis, diyet kitablar müəllifi Leyla Zülfüqarlı bildirib ki, azərbaycanlılar ağ çörəyi çox yeyir: “Artıq 10-15 ildir ki, bu məsələni daim gündəmə gətiririk. Sual yaranır: niyə Azərbaycanda ağ çörək bu qədər çox yeyilir? Xüsusilə də bu problem ölkəmiz üçün xarakterikdir. Təsadüfi deyil ki, şəkərli diabetdən əziyyət çəkən əhali qrupuna aidik. Çünki azərbaycanlılar ağ çörəyi çox yeyir”.

Leyla Zülfüqarlı deyib: “Ağ çörək demək olar ki, ağ şəkərə, ağ qəndə və şirin çaya kalori baxımından ekvivalentdir. Orqanizmə daxil olduqdan sonra qanımızda dövr edən şəkərə təsir etmək nisbətinə görə- ağ çörəyi qəbul etdikdən sonra qanda şəkərin səviyyəsi sürətlə yüksəlir və orqanizm “şəkər dalğalanması” yaşayır. Bu zaman mədəaltı vəzi (pankreas) qanda şəkərin səviyyəsini tənzimləmək üçün daha çox insulin ifraz edir. İnsulinin əsas vəzifəsi orqanizmi artıq şəkərdən qorumaqdır. Lakin ağ çörəyin tez-tez və həddindən artıq qəbulu nəticəsində insulin daim yüksək səviyyədə ifraz olunur.

Beləliklə, insulin normadan artıq ifraz olunmağa başlayır. Bu zaman insulin müqaviməti (insulin dirənci) yaranır. Bu vəziyyət əvvəlcə prediabet mərhələsinə, daha sonra isə 2-ci tip şəkərli diabetin inkişafına səbəb ola bilər. Təəssüf ki, ölkəmizdə də 2-ci tip şəkərli diabetdən əziyyət çəkən insanların sayı kifayət qədər çoxdur”.

Leyla Zülfüqarlı vurğulayıb ki, çovdar çörəyi, tam taxıllı və kəpəkli çörəklərdən istifadə etməklə qanda şəkər dalğalanmalarının qarşısını ala bilərik: “Ona görə də illərdir insanları düzgün çörək seçiminə üstünlük verməyə çağırıram.

Azərbaycanda ilk dəfə “Doğru çörək” layihəsini həyata keçirdik, bu mövzuda mətbuat konfransı təşkil etdik və jurnalistlərin suallarını cavablandırdıq. Yəni artıq vaxtıdır ki, ağ çörəkdən imtina edək. Üyüdülmüş undan hazırlanan ağ çörəyin istehsalı zamanı buğdanın ən faydalı hissələri - rüşeymi, qida lifləri, kəpəyi, B qrupu vitaminləri və digər qiymətli maddələr ayrılır. Nəticədə orqanizmə sadəcə nişasta və şəkər daxil edirik.

Bunun əvəzinə tam taxıllı, tam kəpəkli, tam üyüdülmüş undan hazırlanan, eləcə də dənli bitkilərlə zənginləşdirilmiş çörəklərə üstünlük vermək tövsiyə olunur. O zaman belə undan bişirilən çörək qanımızda şəkərin ani yüksəlməsinə səbəb olmur. Çünki tərkibindəki qida lifləri şəkərin qana tədricən keçməsinə, insulinin isə mərhələli şəkildə ifraz olunmasına kömək edir. Buna görə də çovdar çörəyi, tam taxıllı və kəpəkli çörəklərdən istifadə etməklə qanda şəkər dalğalanmalarının qarşısını ala bilərik”.

Leyla Zülfüqarlı əlavə edib: “Qanda şəkərin süni şəkildə sürətlə artmasının və bunun nəticəsində diabet riskinin yaranmasının qarşısını almaq mümkündür.

Həmçinin artıq çəki və piylənmə problemlərinin də qarşısını almağa kömək edir. Ona görə də şəkər qəbulunu azaltmağı tövsiyə etdiyimiz kimi, ağ çörəyin və qazlı içkilərin istehlakını da ardıcıllıqla azaltmalıyıq”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »