Almaniyanın avtomobil nəhəngi "Volkswagen" əvvəllər gözləniləndən daha çox iş yerinin ixtisarını nəzərdə tutur.
Bizimyol.info xəbər verir ki, "Bild" qəzetinin şirkətin daxili sənədlərinə istinadən yaydığı məlumata görə, şirkət 120 minədək əməkdaşını ixtisar etməyi planlaşdırır.
Yeni qənaət tədbirləri çərçivəsində "Volkswagen" işçi sayını əlavə olaraq təxminən 55–70 min nəfər azaltmağı hədəfləyir. Bununla yanaşı, istehsalat şurası ilə daha əvvəl razılaşdırılmış plana əsasən artıq 50 min iş yerinin ixtisarı nəzərdə tutulub.
Bundan əvvəl "Der Spiegel" jurnalı şirkətdə Almaniyada yerləşən və ümumilikdə 40 minə yaxın insanın çalışdığı dörd zavodun fəaliyyətinin dayandırılması ehtimalının müzakirə edildiyini yazmışdı.
İyunun sonunda "Manager Magazin" iqtisadi jurnalı da "Volkswagen"in qarşıdakı illərdə dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi planlaşdırdığını bildirmişdi.
"Volkswagen"in yeni planları Almaniyanın avtomobil sənayesində vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha göstərir. Hazırda sektor dərin böhran yaşayır və bundan əvvəl də bir sıra avtomobil istehsalçıları, eləcə də ehtiyat hissələri təchizatçıları işçi ixtisarları barədə açıqlamalar vermişdilər.
Bizimyol.info






