Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarına etiraz: “Bu qüsurlu qərara cavab olaraq, bütün mümkün vasitələr nəzərdən keçiriləcək”
Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarına etiraz: “Bu qüsurlu qərara cavab olaraq, bütün mümkün vasitələr nəzərdən keçiriləcək”

Avropa İnsan Hüquqları Məhkəməsi 2016-cı ildə ölmüş Ermənistan hərbçisinin valideynləri və bacısının Azərbaycana qarşı şikayəti əsasında qərar çıxarıb. Məhkəmənin “V.T. və digərləri Azərbaycana qarşı” qərarı etiraza səbəb olub.

Bizimyol.info xəbər verir ki, Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bəyanatında bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğunu vurğulayıb. Qeyd edib ki, bu qərar həm də Avropa Məhkəməsinin siyasi oyunlara çəkilməsini təsdiqləyir.

Çingiz Əsgərov bildirir ki, Avropa Məhkəməsi öz qərarında üç şəxsin ifadəsinə əsaslanaraq, heç bir mötəbər sübut olmadan, işin hallarını hərtərəfli araşdırmadan, özünü “DQR” dövlət orqanları adlandıran cinayətkarların “hesabatlarına” istinad edərək, Azərbaycan tərəfindən İnsan hüquqlarına dair Avropa konvensiyasının pozulduğunu müəyyən etmişdir.

Xüsusi narahatlıqla qeyd olunur ki, Azərbaycan tərəfinin uzun illər ərzində təqdim etdiyi çoxsaylı məktublara, qeydlərə və etirazlara baxmayaraq, Avropa Məhkəməsi yenidən ölkəmiz üçün qəbuledilməz olan, onun beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə edib.

“Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma “DQR” ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələr heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamış qanunsuz qurulmuş separatçı qurumla Azərbaycan arasında hüquqi və ya faktiki bərabərlik təsəvvürü yaradır.

Səlahiyyətli nümayəndə xatırladır ki, “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsi Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən faktiki işğal olunmasını etiraf edib. Buna baxmayaraq, hazırkı qərarda 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilərinin “DQR” adlandırılması məntiqlə uzlaşmır. Avropa Məhkəməsinin 2016-cı ildəki qərarında birmənalı qeyd edilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində yerləşdirilib, Ermənistanın dövlət büdcəsinin xeyli hissəsi həmin ərazilərə xərclənib, Azərbaycan ərazisində fəaliyyət göstərmiş işğalçı rejim Ermənistanın birbaşa iştirakı və hərtərəfli dəstəyinə görə mövcud olub.

Avropa Məhkəməsinin budəfəki qərarında isə Ermənistanda anadan olmuş, bu ölkənin vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycanın suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmayıb:

Bu məsələ araşdırılsaydı, Avropa Məhkəməsi beynəlxalq humanitar hüququn müvafiq müddəalarını tətbiq edilməli olardı. Lakin, bu məsələyə “diqqət yetirilməməsi” Avropa Məhkəməsinin istədiyi nəticəyə gəlməsinə xidmət edib.

Həmçinin, sual yaranır ki, nəyə görə qərarda hadisələrin “DQR” ərazisində baş verməsinə, “DQR dövlət orqanları” tərəfindən araşdırmanın aparılmasına, habelə hadisə barədə məlumatın “DQR ombudsmanının” hesabatında göstərilməsinə istinad edildiyi təqdirdə, iş üzrə sübut kimi, istintaq materialları ərizəçilər tərəfindən deyil, Ermənistan tərəfindən Avropa Məhkəməsinə təqdim edilib? Aydındır ki, Avropa Məhkəməsi bu məsələlərə aydınlıq gətirsəydi, qərardakı nəticəyə gəlinməsi xeyli çətinləşərdi”.

Çingiz Əsgərov hesab edir ki, “DQR”-in müstəqil qurum kimi göstərilməsi, “DQR” ilə Azərbaycan arasında təmas xəttinə istinad edilməsi nəinki Avropa Məhkəməsinin presedent hüququnun təhrif edilməsi, hətta Azərbaycanın dövlət suverenliyinə hörmətsizlik göstərilməsi kimi qiymətləndiriməlidir:

“Qərar faktların açıq-aşkar birtərəfli təqdimatı ilə də səciyyələnir. Məhkəmə mahiyyət etibarilə ərizəçilərin irəli sürdüyü və Ermənistan hökumətinin dəstəklədiyi hadisələr versiyasını qəbul edib. Lakin müvafiq dövrdə Azərbaycanın faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələrlə bağlı irəli sürülən iddiaların yoxlanılmasında Azərbaycanın üzləşdiyi obyektiv çətinlikləri nəzərə almayıb və ya əhəmiyyətli hesab etməyib. Ermənistan tərəfinə və qondarma “DQR” strukturlarına aid materiallar etibarlı sübut kimi qəbul edilib, Azərbaycanın mövqeyi isə ədalətli hüquqi qiymətləndirmə əsasında deyil, əksinə, birtərəfli mövqe sərgiləmə yolu ilə qiymətləndirilib. Başqa sözlə, qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narrativi dəstəkləyən ehtimallar üzərində qurulub”.

Səlahiyyətli nümayəndə Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya məsələsinə də toxunub. Qeyd edib ki, kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir:

“Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxıb. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır”.

Avropa Məhkəməsinin Azərbaycanın dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə səlahiyyətli nümayəndə tərəfindən dəfələrlə etirazlar bildirilib. Lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir.

“Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qısasını almağa çalışır.

Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaq”, - deyə Çingiz Əsgərov qeyd edib.

Azərbaycanın səlahiyyətli nümayəndəsi Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarında əks olunmuş nəticələri qəti şəkildə rədd edir və bu qüsurlu qərara cavab olaraq bütün mümkün hüquqi və prosessual vasitələrin nəzərdən keçiriləcəyini bildirir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »