Azərbaycanda kərə yağı idxalının həcmi bu il 22.1% artsa da, idxalın orta qiyməti 11.3% ucuzlaşıb.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda kərə yağı idxalı 2026-cı ilin ilk 4 ayında 22.1% artaraq 8.74 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 7.16 min ton olub.
Buna baxmayaraq, idxalın orta qiyməti 11.3% azalaraq ton başına 6 min 296 dollara düşüb. Qiymət azalması, əsasən, idxal strukturunun dəyişməsi ilə izah olunur. Nisbətən bahalı olan Yeni Zelandiya məhsullarının payı azalıb, nisbətən ucuz İran və Belarus mənşəli kərə yağının payı isə artıb.
İdxala çəkilən ümumi xərc isə 8.2% artaraq 55.01 milyon dollara yüksəlib. İran Azərbaycana kərə yağı ixrac edən əsas ölkə olaraq qalır, Belarusdan idxal isə kəskin artım göstərib. Buna qarşılıq, Yeni Zelandiyadan idxal əhəmiyyətli dərəcədə azalıb.
- Kərə yağı idxalı artsa da, qiymətin düşməsi nə ilə bağlıdır?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hansı məhsulun tələbi çoxdursa, həmin məhsulun da idxalı çoxdur: “İdxalın artıb qiymətin azalması əsasən idxal olunan ölkəyə əsasən dəyişir. Bəzi ölkələrdə bu məhsula çəkilən xərc, bəzilərində isə keyfiyyətə əsasən dəyişiklik göstərir. Məsələn, ölkəmizdə yerli, tam təbii, kustar üsulla hazırlanan məhsulun 1 kiloqramının qiyməti 28-30 manatdır. Bir sıra idxal olunan yağın 1 kiloqramının qiyməti 6-7 manat, Yeni Zelandiya məhsullarının kiloqram qiyməti isə 25-28 manat arası dəyişir.
İdxalın artıb, qiymətin düşməsi isə tələbə əsasən var. Yəni hansı məhsulun tələbi çoxdursa, həmin məhsulun da idxalı çoxdur. Yağ elə bir məhsuldur ki, tez xarab ola bilir. Onun üçün də sahibkar bir növ ucuz satan ticari tərəfdaşa yönəlir. Yəni hər kəsin bahalı, tam keyfiyyətli yağ alma imkanı yoxdur . Onun üçün də bazarda ucuz və tərkibi tam təbii olmayan yağlar yer tutur”.
Günay Hüseynova əlavə edib: “Yağ elə bir məhsuldur ki, hər gün o məhsula tələbat var. Bundan əlavə Azərbaycan istehlakçısının əksəriyyəti nə məhsulun üzərini oxuyub araşdırır nə də mağazadan sənədləri tələb edir ki, “bu məhsul hansı ölkədən gəlib tərkibi nədir”. Vitrində yeni, ucuz bir az da sosial şəbəkələrdə reklam olunan məhsul daha tez satılır. Hətta məhsulu alıb soyuducuda stoklayanlar da olur”.
Günel Həsənova, Bizimyol.info






