Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meyvə qiymətləri 30 faizə qədər artıb: Rəsmi statistika ilə reallıq üst-üstə düşmür
Meyvə qiymətləri 30 faizə qədər artıb: Rəsmi statistika ilə reallıq üst-üstə düşmür

Yaz aylarında müşahidə etdiyimiz intensiv yağışlar meyvə təsərrüfatı ilə məşğul olanların işini çətinə salıb. Bu il həm qıtlıq, həm də bahalaşma müşahidə edilir. Ağaclar lazımi bar verməyib, gözlənilən məhsul əldə edilməyib.

Bizimyol.info Qubanın Qaraçay kəndində yerli adamlarla söhbətləşərək ümumi mənzərəyə aydınlıq gətirməyə çalışıb. Sakinlərin dediyinə görə, onlar hər il daha çox gilas əkməyə üstünlük verirlər. Təəssüf ki, bir neçə təsərrüfatdan başqa, əksəriyyət zəif məhsul əldə edib. Adətən, Rusiya bazarına məhsul göndərən iş adamları Qaraçaya gələrək, tonlarla meyvə aparır. Sakinlərdən eşitdik ki, gilasın hər kilosuna verilən məbləğ 1 manat 60 qəpiyi keçmirmiş. Bu il bir az yüksək qiymət təklif olunsa da, iş adamlarına veriləcək məhsul yoxdur. Az-çox çiyələk əkənlər məhsul götürə bilib.

Paytaxtda meyvə qiymətləri 30 faizə qədər artıb. Bakının ayrı-ayrı nöqtələrində satıcılarla söhbətlər belə deməyə əsas verir. Gilasın kilosu bir çox hallarda 10-11 manatı keçir. Təkcə bu meyvənin qiymətinin 50 faizə qədər artdığını demək olar. Amma rəsmi statistika bizi çaş-baş qoyur. Dövlət Statistika Komitəsi deyir ki, bahalaşma cəmi 1 faiz olub.

Ərik də çox bahalaşıb. Yenə təxminən 30 faizə qədər qiymət artımından danışmaq olar. Eyni sözləri alça haqqında da demək mümkündür. Bu il alma, armud da ucuz deyil. Nisbətən çiyələk əlçatan görünür.

Sosial mediada yazılanlar da insanların rəsmi statistikaya inanmadığını göstərir. Meyvə heç bir halda cəmi 1 faiz bahalaşa bilməz. Dövlət Statistika Komitəsi azı bir “sıfır”ı əlavə etməlidir. İnsanlar gündəlik həyatında bahalaşmanı yaxşı hiss edir. Gilas, ərik yemək əlçatmaz olub. Xüsusilə gilasın mövsümü yavaş-yavaş geridə qalır. Sosial mediada rəy yazanlardan birinin dediyi kimi, “mövsümü üç-dörd alça ilə başa vururuq”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »