ABŞ Hərbi Hava Qüvvələri Kaliforniyadakı Edvards aviabazasında qəzaya uğrayan strateji "B-52 Stratofortress" bombardmançısının bütün səkkiz nəfərlik ekipajının həlak olduğunu təsdiqləyib. Təyyarə modernləşdirilmiş radar sistemləri proqramı çərçivəsində keçirilən planlı sınaq uçuşu zamanı havaya qalxdıqdan qısa müddət sonra qəzaya düşüb.
Bizimyol.info xəbər verir ki, rəsmi məlumatlara görə, həlak olanlar arasında hərbi qulluqçular, mülki dövlət işçiləri və uçuş tapşırığının icrasına cəlb olunmuş podratçı şirkətlərin əməkdaşları da olub. “Boeing” şirkəti də ölənlərdən ikisinin öz əməkdaşları olduğunu bildirib.
Qəza sonrası aviabaza rəhbərliyi bütün uçuşları və əməliyyatları müvəqqəti dayandırıb. Buna səbəb qəzadan sonra uçuş-enmə zolağında yaranan zədələr olub. Hadisə yerində hazırda mütəxəssislər və təcili yardım xidmətləri fəaliyyətini davam etdirir.
Faciənin səbəbləri araşdırılır. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə ABŞ Hərbi Hava Qüvvələri və aidiyyəti ekspertlər məşğuldur. Bombardmançının düşməsinə gətirib çıxaran mümkün amillərlə bağlı əlavə məlumat ilkin araşdırma mərhələsi başa çatdıqdan sonra açıqlanacaq.
Bizimyol.info






