ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, ABŞ və İran arasında imzalanan anlaşma memorandumu çərçivəsində 60 günlük danışıqlar müddətində gəmilər Hörmüz boğazından ödənişsiz keçid əldə edəcək.
Bizimyol.info xəbər verir ki, Vens bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb və qeyd edib ki, tərəflər yekun sazişin detallarını razılaşdırana qədər bu qayda qüvvədə olacaq. Onun sözlərinə görə, ABŞ tərəfi Hörmüz boğazından keçidin həm giriş, həm də çıxış üçün pulsuz olmasını danışıqların əsas şərtlərindən biri kimi qəbul etdirib.
“Razılaşmada göstərilir ki, yekun sənəd razılaşdırılana qədər 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq,” – deyə Vens bildirib.
O əlavə edib ki, Vaşinqton gələcəkdə də bu strateji su yolunda keçidin ödənişsiz qalmasını istəyir. Vens danışıqlar zamanı ortaya çıxan bəzi texniki suallara da toxunub. Onun sözlərinə görə, məsələn, gəmi sıradan çıxarsa və onun yedəklənməsi lazım gələrsə, bu xidmətin ödənişli olub-olmayacağı kimi detallara aydınlıq gətirilməlidir.
ABŞ rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton Hörmüz boğazından keçid üçün hər hansı “ödəniş sistemi”nin yaradılmasına qəti şəkildə qarşıdır. Onun sözlərinə görə, belə bir mexanizm qəbul edilməyəcək.
Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm dəniz keçidlərindən biri hesab olunur və bölgədə hər hansı məhdudiyyət və ya rüsum tətbiqi qlobal neft və qaz bazarına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, hazırkı açıqlama ABŞ–İran danışıqlarının hələ ilkin mərhələdə olduğunu göstərir və yekun sazişin detallarının yaxın həftələrdə daha da aydınlaşacağı gözlənilir.
Bizimyol.info






