Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Tallinn münasibətləri: tarixi ənənələrdən rəqəmsal gələcəyə
Bakı-Tallinn münasibətləri: tarixi ənənələrdən rəqəmsal gələcəyə

Azərbaycan və Estoniya arasında əlaqələr bu gün yüksək səviyyədədir və hər bir sahədə yüksələn xətt üzrə uğurla davam edir. Siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, enerji və nəqliyyat-logistika sahələrini əhatə edən bu çoxşaxəli əməkdaşlıq, tərəflərin bir-birinə olan qarşılıqlı etimadının göstəricisidir.

Bakıda keçirilən son siyasi məsləhətləşmələr çərçivəsində Estoniya Respublikasının ölkəmizdə səfirliyinin rəsmi olaraq fəaliyyətə başlaması isə bu münasibətləri keyfiyyətcə tamamilə yeni bir müstəviyə daşıyır.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Afət Həsənov danışıb.

O deyib ki, ölkələrimiz arasında əlaqələr təkcə bu gün deyil, tarixən də hər zaman yüksək səviyyədə olub. Bizim uzun müddət eyni dövlətin — SSRİ-nin tərkibində yaşamağımızdan irəli gələn tarixi ortaq cəhətlərimiz mövcuddur. Müstəqillik əldə edildikdən sonra isə ölkələrimiz bir-birinin müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşlar. Elə həmin dövrdən etibarən diplomatik münasibətlərimiz uğurla inkişaf etmiş, dövlət rəhbərləri, parlamentlər və nazirliklər səviyyəsində çoxsaylı görüşlər keçirilmişdir.

Yeri gəlmişkən vurğulayım ki, Azərbaycan və Estoniyanın parlamentlərarası əlaqələr üzrə işçi qrupları səviyyəsində ötən il bizim uğurlu və xoş təəssüratlarla yadda qalan qarşılıqlı səfərlərimiz də oldu.

“2026-cı il iyunun 11-də Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Estoniya Xarici İşlər Nazirliyi arasında keçirilən növbəti siyasi məsləhətləşmələr də öz növbəsində tarixi dostluğumüzün davamıdır.

Görüşdə tərəflər iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və nəqliyyat layihələri üzrə əlaqələrin gücləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparıblar. Müzakirələrin mərkəzində həmçinin regional proseslər, Azərbaycan–Ermənistan normallaşma prosesi və işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa-quruculuq işləri dayanıb. Tallinin Bakıda açılan səfirliyi sayəsində artıq Estoniya regiondakı bu normallaşma addımlarını və reallıqları birbaşa birinci mənbədən izləmək şansı qazanıb”-deyən deputat bildirib ki, Estoniya bu gün rəqəmsal idarəetmə, kibertexnologiyalar və "ağıllı həllər" sahəsində qlobal miqyasda böyük uğurlara imza atmış aparıcı dövlətdir.

Deputat hesab edir ki, Estoniyanın İKT sahəsindəki bu qabaqcıl uğurları və təcrübəsi eyni zamanda işğaldan azad edilmiş ərazilərimizə — Qarabağ və Şərqi Zəngəzura, həmin bölgələrdə böyük uğurla icra olunan "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına, eləcə də aqrar sahənin rəqəmsallaşdırılması layihələrinə, azad olunmuş torpaqlarımızın dirçəlişinə, innovativ inkişafına və yenidən qurulması prosesinə çox dəyərli regional töhfələr verəcək.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »