Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəhruz Məhərrəmov: “33 il əvvəl xalqa sahib çıxan məhz Heydər Əliyev oldu”
Bəhruz Məhərrəmov: “33 il əvvəl xalqa sahib çıxan məhz Heydər Əliyev oldu”

“Konstitusiyamızın birinci maddəsinin ilk cümləsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlətçiliyi, suverenliyi və demokratiyanı özündə ehtiva edən bu konseptual fikrin tarixi hadisə və ya proses şəklində qarşılığını axtarsaq, bu, heç şübhəsiz, 15 İyun – Milli Qurtuluş Günü olar. Çünki 33 il əvvəl dövlət hakimiyyətinin legitim mənbəyi olan Azərbaycan xalqı öz taleyini Heydər Əliyevə etibar etdi”.

Bu fikirləri Bizimyol.info-ya Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.

Deputat bildirib ki, bəzən “1993-cü ildə xalq Heydər Əliyevə sahib çıxdı” ifadəsi işlədilir. Onun sözlərinə görə, xalqın Ulu Öndəri ölkə rəhbərliyində görmək istəməsi danılmaz həqiqət olsa da, əslində başsız qalmış, taleyin ümidinə buraxılmış xalqa sahib çıxan məhz Heydər Əliyev olub.

Bəhruz Məhərrəmov hesab edir ki, həmin prosesi düzgün qiymətləndirmək üçün 1987-ci ildən 1993-cü il iyunun 15-dək olan dövrün tarixi-siyasi mənzərəsinə nəzər salmaq lazımdır.

Onun sözlərinə görə, Milli Məclisin 16 iyun 1993-cü il tarixli qərarında da qeyd edildiyi kimi, həmin dövrdə ölkədə hakimiyyət boşluğu hökm sürür, qanunlar işləmirdi. Torpaqların xeyli hissəsi erməni işğalı altında idi, əhalinin böyük hissəsi yoxsulluq şəraitində yaşayırdı, milli sərvətlər talan olunur, sosial, siyasi və mədəni həyatda isə özbaşınalıq və hərc-mərclik hökm sürürdü.

Deputatın fikrincə, hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü iki əsas məqsəd güdürdü: hakimiyyətdə qalmaq və bu müddətdə xalqın sərvətlərini talamaq. O iddia edib ki, bu məqsədlər naminə hər cür güzəştə gedilir, hətta Kəlbəcər belə düşmənə təhvil verilirdi.

Məhərrəmovun sözlərinə görə, ikinci məqsəd isə onların fəaliyyətinə mane ola biləcək yeganə lider hesab etdikləri Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırmaq idi. O qeyd edib ki, ölkənin ağır vəziyyətdə olduğu bir vaxtda hakimiyyət bütün diqqətini Naxçıvana və Heydər Əliyevə qarşı mübarizəyə yönəltmişdi.

Deputat bildirib ki, AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində mərkəzi hakimiyyətə tabe olmayan qanunsuz silahlı dəstələr yaranmağa başladı. Vəziyyətdən çıxış yolu axtaran hakimiyyət isə məsuliyyəti Surət Hüseynovun üzərinə qoydu və ona qarşı təqib kampaniyasına başladı.

Onun sözlərinə görə, həmin dövrdə cəbhədə ağır döyüşlər getdiyi halda, Gəncəyə genişmiqyaslı hərbi qüvvələr, o cümlədən, hərbi hava hissələri göndərildi. Nəticədə baş verən qarşıdurma zamanı 35 nəfər həlak oldu, 130 nəfər yaralandı.

Bəhruz Məhərrəmov qeyd edib ki, Milli Məclisin 5 iyun 2020-ci il tarixli iclasında sədrin birinci müavini Əli Hüseynlinin də vurğuladığı kimi, “qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törətdilər”.

Deputatın fikrincə, faciənin miqyası yalnız qardaş qırğını ilə məhdudlaşmırdı. Qarşıdurma hakimiyyət böhranını daha da dərinləşdirmiş, orduda nizam-intizamı zəiflətmiş, nəticədə Ermənistanın Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində hücumları intensivləşmişdi. Bu da ciddi itkilərə və strateji mövqelərin itirilməsinə səbəb olmuşdu.

O bildirib ki, həmin dövrdə dövlət idarəçiliyində peşəkarlıq deyil, şəxsi sədaqət, dostbazlıq və qohumbazlıq prinsipləri üstünlük təşkil edirdi. Nəticədə yerlərdə özbaşınalıq, zorakılıq halları geniş yayılmış, iqtisadi sistemə ciddi zərbə dəymiş, əhalinin sosial təminatı pisləşmişdi.

“Bir sözlə, Gəncə hadisələri də daxil olmaqla yaşanan proseslər həmin dövr hakimiyyətinin səbatsız siyasətinin məntiqi nəticəsi idi. Belə bir şəraitdə təkcə xalqın deyil, AXC-Müsavat iqtidarının özünün də yeganə ümidi Heydər Əliyev idi”, – deyə deputat vurğulayıb.

Bəhruz Məhərrəmov bildirib ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışı daha iki mühüm həqiqəti ortaya çıxardı. Birincisi, həmin dövr hakimiyyətinin məsuliyyətsiz və qorxaq olması idi. Onun sözlərinə görə, vətəndaş qarşıdurmasının yaşandığı günlərdə ölkənin rəhbər şəxsləri hadisə yerinə getmədilər və vəziyyətin sabitləşdirilməsi üçün real addımlar atmadılar.

Deputat qeyd edib ki, nəticədə Heydər Əliyev şəxsi təhlükəsizliyini riskə ataraq Gəncəyə getdi və vəziyyətin nəzarət altına alınmasına nail oldu.

Onun fikrincə, ikinci mühüm nəticə Azərbaycan xalqının bu cür idarəçiliyin ölkəni uçuruma apardığını bir daha görməsi və həmin hakimiyyətə siyasi etimad göstərməməsi oldu.

Bəhruz Məhərrəmov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından bir il keçməmiş artıq nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl və Füzulinin bir sıra kəndləri, eləcə də, Horadiz qəsəbəsi işğaldan azad edildi. O qeyd edib ki, Ermənistan da həmin dövrdə atəşkəsə razı olmağa məcbur oldu.

Sonda Bəhruz Məhərrəmov deyib: “Sonrakı illərdə həyata keçirilən tədbirlər və başlanılan inkişaf yolu haqqında saatlarla danışmaq mümkündür”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »