Tibb dünyasında son illərin ən mühüm kəşflərindən biri hesab edilən yeni dərman pankreas xərçəngi ilə mübarizədə böyük ümid yaradıb. Müalicəsi ən çətin və ölümcül xərçəng növlərindən biri sayılan pankreas xərçənginə qarşı hazırlanan “daraxonrasib” adlı preparat klinik sınaqlarda diqqətçəkən nəticələr göstərib.
Bizimyol.info xəbər verir ki, ABŞ-da keçirilən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) illik toplantısında təqdim olunan araşdırma nəticələrinə görə, yeni preparat xəstələrin yaşam müddətini ənənəvi kimyaterapiya ilə müqayisədə iki dəfə artırıb. Eyni zamanda dərman şişlərin böyüməsini və yayılmasını da daha uzun müddət nəzarətdə saxlaya bilib.
Klinik sınaqlarda daha əvvəl müxtəlif müalicələr almasına baxmayaraq xəstəliyi irəliləyən 500 nəfər iştirak edib. Xəstələrin bir hissəsinə “daraxonrasib” adlı eksperimental preparat, digər hissəsinə isə standart kimyaterapiya tətbiq olunub.
Nəticələr tibb ictimaiyyətində böyük rezonans doğurub. Yeni preparatı qəbul edən xəstələrin orta sağqalma müddəti 13,2 aya çatıb. Kimyaterapiya alan xəstələrdə isə bu göstərici cəmi 6,6 ay olub. Bundan başqa, dərman şişlərin inkişafını orta hesabla 7,2 ay ərzində dayandıra bilib. Müqayisə üçün, kimyaterapiyada bu müddət 3,6 ay təşkil edib.
Mütəxəssislər bu nəticələri “tarixi dönüş nöqtəsi” adlandırırlar. Mass General Brigham Xərçəng İnstitutunun Pankreas Onkologiyası Proqramının rəhbəri doktor Harş Sinqh bildirib ki, bu araşdırma pankreas xərçəngi tarixində ən böyük irəliləyişlərdən biri hesab oluna bilər.
Yeni preparat uzun illər “hədəfə alınması mümkün olmayan” hesab edilən KRAS geninə qarşı təsir göstərir. Alimlərin fikrincə, məhz bu gen pankreas xərçəngi hallarının böyük əksəriyyətində əsas rol oynayır. KRAS mutasiyası bəzi ağciyər və bağırsaq xərçəngi növlərində də müşahidə olunur.
Hazırda preparatın istifadəyə verilməsi üçün tənzimləyici qurumlarla yekun proseslər davam edir. Şirkət nümayəndələri dərmanın həm ABŞ-da, həm də digər ölkələrdə mümkün qədər tez istifadəyə təqdim olunması üçün çalışdıqlarını bildirirlər.
Həkimlər qeyd edirlər ki, bu preparat hələlik xərçəngi tam sağaldan möcüzəvi vasitə deyil. Bununla belə, əldə olunan nəticələr gələcəkdə daha güclü və effektiv müalicə kombinasiyalarının hazırlanması üçün mühüm əsas yaradır.
Mütəxəssislərin fikrincə, əgər dərman xəstəliyin ilkin mərhələsində tətbiq olunarsa, nəticələr daha da uğurlu ola bilər. Hazırda preparat yeni diaqnoz qoyulan xəstələr üzərində də sınaqdan keçirilir.
Qadir, Bizimyol.info






