Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada yəhudi həkimlər xəstəxanaları tərk edir
Böyük Britaniyada yəhudi həkimlər xəstəxanaları tərk edir

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (MSX) tibb müəssisələrində antisemitizmin artması və düşmənçilik mühitinin formalaşması ilə bağlı ciddi ittihamlarla üzləşib.

Bizimyol.info xəbər verir ki, bu nəticəyə hökumətin antisemitizmlə mübarizə üzrə müşaviri lord Con Mann ölkə klinikalarındakı vəziyyətə dair geniş hesabat təqdim etdikdən sonra gəlib.

“The BBC” nəşrinin məlumatına görə, araşdırma zamanı yəhudi əməkdaş və pasiyentlərin münaqişələrdən yayınmaq üçün dini mənsubiyyətlərini gizlətməyə məcbur olduqlarını göstərən müntəzəm ayrı-seçkilik və təcrid halları üzə çıxıb.

Lord Mann bildirib ki, MSX-də yəhudi əməkdaşların təcrid olunması praktikası formalaşıb və bəzi mütəxəssislər məhz bu səbəbdən səhiyyə sistemini tərk ediblər. Həkimlər yalnız milli mənsubiyyətlərinə görə təzyiqlə üzləşdikdən sonra karyera və şəxsi həyatları ilə bağlı çətin qərarlar verməyə məcbur olduqlarını deyiblər.

Hesabat 2025-ci ilin oktyabrında Mançesterdə yerləşən “Hiton Park” sinaqoquna hücumdan sonra başladılan müstəqil yoxlamalar çərçivəsində hazırlanıb. Araşdırma müəlliflərini xüsusilə narahat edən məqamlardan biri antisemitizmlə qarşılaşmaq qorxusu səbəbindən bəzi pasiyentlərin xəstəxanalara müraciətdən imtina etməsi olub.

Lord Mann qorxu səbəbindən tibbi qəbulun ləğv edilməsini “fəlakətli” adlandıraraq bildirib ki, xəstəxanalar siyasi baxışların nümayiş etdirildiyi məkana çevrilməməlidir.

Hesabatın nəticələrinə əsasən hökumətə tibb işçilərinin hər cür siyasi nişan və simvollardan, o cümlədən fələstinpərəst simvollardan istifadə etməsinin tam qadağan olunması tövsiyə edilib. Lakin bu məhdudiyyət Davud ulduzu kimi ənənəvi dini atributlara şamil edilmir.

Səhiyyə və Sosial Müdafiə Nazirliyinin “GOV.UK” dövlət portalında yayımlanan rəsmi press-relizində qeyd olunur ki, hökumət hesabatda yer alan təklifləri tam şəkildə qəbul edir. Problemin ciddiliyini isə həkimlərin öz ifadələri də təsdiqləyir.

Böyük Britaniya Yəhudi Stomatoloqlar Assosiasiyasının sədri professor Endryu Ader Qəzzadakı müharibə başlayandan sonra antisemit hadisələrin kəskin artdığını bildirib və vurğulayıb ki, 40 illik fəaliyyəti ərzində heç vaxt belə düşmənçilik səviyyəsi ilə qarşılaşmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »