Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In yeni “Kan Gon” esminesinə baxış keçirib
Kim Çen In yeni “Kan Gon” esminesinə baxış keçirib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlıq yoxlamasından keçən Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus yeni “Kan Gon” esminesinə baxış keçirib və gəminin dənizçilik xüsusiyyətləri ilə tanış olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In gəminin idarəetmə mərkəzinə və digər əsas bölmələrinə baxış keçirib, yürüş sınaqlarının planı, həmçinin sistem və silahların yoxlanılması proqramı ilə tanış olub. Onun iştirakı ilə gəmi əməliyyat imkanlarının qiymətləndirilməsi məqsədilə dənizə çıxıb.

KXDR lideri ekipajın fəaliyyətini və esminesin xüsusiyyətlərini müsbət qiymətləndirib. KCNA-nın bildirdiyinə görə, o, gəminin manevr qabiliyyətinin qarşıya qoyulan tələblərə cavab verdiyini vurğulayıb və hərbi gəmilərin idarəetmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

“Quru, dəniz və hava məkanında hərbi suverenliyi məsuliyyətlə təmin etməyə imkan verən real və güclü silahlı qüvvələr müharibənin qarşısının alınmasına və sülhün qorunmasına xidmət edəcək. Bu, partiyamızın dəyişməz şüarı və dövlət müdafiə siyasətidir”, – deyə Kim Çen In bildirib.

O, ölkənin hərbi-dəniz qüvvələrinin inkişafının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, “nüvə müharibəsinin qarşısını alma qüvvələrinin bir hissəsi olan və istənilən vaxt sualtı və suüstü vəziyyətdə düşmənə sarsıdıcı zərbə endirməyə qadir milli Hərbi Dəniz Qüvvələrinin sürətli inkişafı və gücləndirilməsi” KXDR-in müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə dair yeni beşillik proqramın əsas vəzifələrindən biridir.

Kim Çen In donanmanın modernləşdirilməsi planlarının, o cümlədən “gizli sualtı silahların” yaradılması və 10 min ton su tutumuna malik esminesin inşasının həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, həmçinin mütəxəssisləri yoxlama proqramını “yüksək məsuliyyətlə” başa çatdırmağa və “Çve Hyon” və “Kan Gon” esmineslərini mümkün qədər tez ölkənin Hərbi Dəniz Qüvvələrinin sərəncamına verməyə çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »